ADRA-da 2026-cı ilin ikinci rübünün hesabat iclası keçirilib

Hit: 148
ADRA-da 2026-cı ilin ikinci rübünün hesabat iclası keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) ərazi reklam idarələrinin 2026-cı ilin ikinci rübünün yekunlarına dair hesabat iclası keçirilib.  ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə keçirilən iclasda idarələrin hesabat dövrü ərzindəki fəaliyyəti təhlil olunub, əldə olunan nəticələr və qarşıda duran əsas vəzifələr müzakirə edilib.
 
İclasda açıq məkanda reklamların estetik görünüşünün yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi qeyd olunub. Bildirilib ki, şəhər mühitinin vizual bütövlüyünün qorunması, reklam daşıyıcılarının müasir tələblərə uyğunlaşdırılması və vahid estetik yanaşmanın formalaşdırılması məqsədilə ardıcıl işlər görülür. Qeyd edilib ki, təkcə Bakıda deyil, regionlarda da sahibkarlara yeni reklam eskizləri təqdim olunmaqla daha səliqəli, müasir və şəhər mühitinə uyğun açıq məkan reklamlarının tətbiqi genişləndirilib. Bu istiqamətdə fəaliyyətin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.
 
Hesabat dövründə müasir reklam qurğularının tətbiqi və innovativ texnologiyaların təşviqi sahəsində görülən işlər də diqqətə çatdırılıb. Vurğulanıb ki, texnoloji yeniliklərin reklam sektorunda tətbiqi açıq məkan reklamlarının keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda şəhər infrastrukturunun estetik görünüşünə müsbət töhfə verir.  ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov çıxışında açıq məkanda yerləşdirilən reklamlarda dövlət dilinin normalarına ciddi riayət olunmasının vacibliyini qeyd edib. O, sahibkarların maarifləndirilməsi, onlara göstərilən xidmətlərin keyfiyyətinin və məmnunluq səviyyəsinin artırılması, eləcə də bu sahədə şəffaflığın, operativliyin və rəqəmsal xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
İclasda həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və müasir yanaşmaların ölkəmizdə tətbiqi imkanları müzakirə olunub. Sonda növbəti dövr üzrə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.






Redaktorun seçimi