Agentlikdə dövlət qulluqçularının andiçmə mərasimi keçirilib
Daimi dövlət qulluğuna qəbul olunmuş Agentlik əməkdaşlarına xidməti vəsiqələri təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Agentlik sədri Elnur Bağırov daimi dövlət qulluğunda fəaliyyətə başlayan əməkdaşları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, xüsusilə dövlət qulluğu sisteminin inkişafı və bu sahədə peşəkar kadr potensialının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Həmçinin cari ildə Agentlikdə dövlət qulluğunun səmərəliliyinin artırılması və insan kapitalının inkişafının dəstəklənməsi istiqamətində əldə edilmiş nəticələrdən bəhs edilib.
Tədbir zamanı Agentliyin müvafiq struktur bölmələrində daimi dövlət qulluğuna qəbul edilmiş 15 əməkdaşı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təntənəli şəkildə and içib və onlara xidməti vəsiqələri təqdim olunub.
Sonda dövlət qulluqçuları çıxış edərək onlara göstərilən etimada və diqqətə görə təşəkkürlərini bildiriblər, xidməti vəzifələrini yerinə yetirmək üçün əzm və məsuliyyətlə çalışacaqlarını vurğulayıblar.






























































