İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində sistemli elmi tədqiqatlar həyata keçirilir.
Bu barədə Faktor.az-a institutdan məlumat verilib.
IT mütəxəssisləri qeyd edirlər ki, müasir proqram mühəndisliyinin inkişafını süni intellekt texnologiyalarından ayrı təsəvvür etmək mümkün deyil. Süni intellekt proqram mühəndisliyinin həm məhsulu, həm də onun inkişafını sürətləndirən əsas amillərdən biri kimi çıxış edir. Proqram kodunun avtomatik generasiyası, proqram təminatının testləşdirilməsi, proqram səhvlərinin aşkarlanması, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və proqram təminatının optimallaşdırılması kimi proseslərdə süni intellekt texnologiyaları geniş tətbiq olunur. Səsli köməkçilər, avtomatik tərcümə sistemləri, tibbi diaqnostika, üz tanınması, pilotsuz nəqliyyat vasitələri və digər intellektual sistemlər proqram mühəndisliyinin prinsipləri əsasında yaradılan mürəkkəb proqram məhsullarıdır.
Qeyd olunub ki, proqram mühəndisliyi istiqamətində aparılan elmi tədqiqatlar davam etdirilir. Bu ilin noyabr ayında institutun təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” II respublika konfransının keçirilməsi planlaşdırılır. Konfrans proqram mühəndisliyi sahəsində aparılan elmi tədqiqatların müzakirəsi, yeni elmi əməkdaşlıqların qurulması və ölkədə proqram mühəndisliyi məktəbinin inkişafı baxımından mühüm platforma olacaq.



































































