AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirib

Hit: 271
AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirib
AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirərək qida və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən üzv şirkətləri, dövlət qurumlarının nümayəndələrini və sahə ekspertlərini bir araya gətirdi. Görüşün məqsədi İşçi Qrupunun fəaliyyətə başlamasının rəsmi elan edilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və sektor üzrə əməkdaşlığın daha da gücləndirilməsi olub.
 
Tədbiri giriş nitqi ilə açan AmCham Azərbaycanın İcraçı Direktoru Zaur Kərimov qida və kənd təsərrüfatı istiqamətinin AmCham Azərbaycanın 2026–2028-ci illər üzrə strateji prioritetlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, İşçi Qrupu dövlət və özəl sektor arasında dialoqun genişləndirilməsi, biznes ictimaiyyətinin vahid mövqeyinin formalaşdırılması və sektorun inkişafına yönəlmiş təşəbbüslərin irəli sürülməsi baxımından mühüm platforma rolunu oynayacaq.
 
Ardınca çıxış edən AmCham Azərbaycanın İdarə Heyətinin üzvü və AgroDairy Qrupunun Baş İcraçı Direktoru Niyazi Əmirbəyov qida və kənd təsərrüfatı sektorunun ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, İşçi Qrupu özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və biznes ictimaiyyətinin ortaq maraqlarının irəli sürülməsi baxımından mühüm rol oynayacaq.
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Cəfərov dövlət və özəl sektor arasında davamlı dialoqun əhəmiyyətini vurğulayaraq, qida və kənd təsərrüfatı sektorunun inkişafına yönəlmiş təşəbbüslərin ölkənin iqtisadi inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
 
İclas çərçivəsində Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri Elxan Mikayılov yeni yaradılmış İşçi Qrupunun məqsədləri və əsas prioritetlərinə dair təqdimatla çıxış edib. Təqdimat zamanı qrupun fəaliyyət istiqamətləri, planlaşdırılan təşəbbüsləri və əməkdaşlığın gücləndirilməsi istiqamətində yaradılacaq imkanlar barədə ətraflı məlumat təqdim olunub.
 
Müzakirələr sessiyasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Veysəloğlu Şirkətlər Qrupunun CEO-nun Korporativ Funksiyalar üzrə müavini İlqar Nuri və Azersun Holdinqin Biznesin İnkişafı direktoru İlham Abdullayev çıxış edərək qida və kənd təsərrüfatı sektorunda mövcud çağırışlar, inkişaf perspektivləri və əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşüblər. Sessiya zamanı digər iştirakçılar da öz rəy və təkliflərini səsləndirərək İşçi Qrupunun gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
 
Tədbir sual-cavab sessiyası və yekun nitqi ilə başa çatıb. Görüşün sonunda İşçi Qrupunun fəaliyyətinin davamlı əsasda həyata keçiriləcəyi, növbəti iclaslarda sektor üçün prioritet məsələlərin müzakirəsinin və aidiyyəti tərəflərlə əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətlərdən biri olacağı vurğulanıb.
 
Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun yaradılması AmCham Azərbaycanın 2026–2028-ci illər üzrə strateji prioritetləri çərçivəsində qida və kənd təsərrüfatı sektorunun inkişafına dəstək göstərilməsi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi və biznes ictimaiyyətinin vahid platformada bir araya gətirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.






Redaktorun seçimi