“İnnovasiyalar Mərkəzi”nin birgə təşkilatçılığı ilə Füzulidə “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib
Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” uğurla keçirilib.
Festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına, texniki yaradıcılığın təşviqinə və sağlam həyat tərzinin təbliğinə dəstək vermək olub.
Festivalın açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və ilk türk astronavtı Alper Gezeravcı çıxış edərək aerokosmik sahənin inkişaf perspektivləri, gənclərin innovativ düşüncəsinin təşviqi və festivalın elmi-texniki yaradıcılığın inkişafına verdiyi töhfədən bəhs olunub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin fəaliyyətinin 32-ci ildönümünə həsr olunan tədbirlər silsiləsinə daxil edilən festival, gənclərin hazırladıqları aerokosmik modellərin, innovativ layihələrin və texnoloji həllərin nümayişi üçün mühüm platforma olmağı hədəfləyir.
Artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdə, 12 kateqoriya üzrə keçirilib. Yarış proqramına “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer”, “Peyk Modelçiliyi” (CubeSat), “Startap” (Aerospace), FPV dron, təyyarə modelçiliyi, eləcə də ilk dəfə olaraq “Naqilsiz Rabitə” və “Səmt müəyyən etmə” texniki idman növləri daxil edilib.
Bununla yanaşı, intellektual müsabiqələr, helikopter və təyyarə modellərinin aviaşou xarakterli nümayişləri təşkil olunub. Gənclər aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahələrində əldə etdikləri bilikləri praktik mühitdə tətbiq etmək imkanı qazanıblar.
Festivalın tərəfdaşları sırasında Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Füzuli Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Hərbi Hava Qüvvələri, Azərbaycan Hava Yolları (AZAL), AZAD Systems, ASAN Viza, ASAN TV, ASELSAN Bakı, Hədəf Liseyi, IT Innovations Academy, AzST MMC və ORBITE MMC yer alıb.




































































