Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Hit: 281
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində iyulun 23-dən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.
 
AMB-dən Faktor.az-a bildirilib ki, qiymətli kağızların icarəyə verilməsi proqramı Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan “Bank of Nyu York Mellon” (BNYM) tərəfindən həyata keçiriləcək.
 
Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur.
 
“Qeyd olunan proqram Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək. Mərkəzi Bank beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək”, - deyə AMB-nin məlumatında bildirilib.






Redaktorun seçimi