Elşad Abbasov "Embafinans"dan nə qədər qazanır? - Rəqəmlər
Bank Olmayan Kredit Təşkilatı (BOKT) "Embafinans" QSC 2025-ci ili 8,13 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilə nisbətən 12,9% və ya 930 min manat çoxdur.
Plat.az-ın əldə etdiyi məlumata görə, BOKT-nin səhmdarları 2025-ci ilin artan mənfəəti üzrə dividend bölüşdürmək qərarına gəliblər. Nəticədə əldə olunan 8,13 mln. manatlıq mənfəətin 3 mln. manatı dividend elan edilib və həmin məbləğ tam həcmdə səhmdarlara ödənilib.
BOKT-un səhmdarlıq strukturuna əsasən, nizamnamə kapitalının 86%-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur. Bu bölgüyə uyğun olaraq, ödənilən dividendlərin təxminən 2,58 milyon manatı Elşad Abbasova, 420 min manatı isə Tamara Polyakovaya çatıb.
Maraqlıdır ki, "Embafinans" 2024-cü ili 7,2 milyon manat xalis mənfəətlə başa vursa da, həmin il səhmdarlara dividend elan etməyib. Bu BOKT-nin maliyyə hesabatında da öz əksini tapıb.
Bununla belə, BOKT-nin səhmdarlarına 2024-cü ildə dividend ödənilməməsinin səbəbi açıqlanmır. Sadəcə qeyd edilib ki, mikromaliyyə təşkilatı kapitalın idarə olunması siyasətində prudensial tələblərə əməl edilməsini, fəaliyyətin davamlılığını və gələcək inkişaf üçün kifayət qədər kapitalın saxlanılmasını əsas prioritetlərdən hesab edir.
Qeyd edək ki, "Embafinans" QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-nin əsas səhmdarı Elşad Abbasov həmçinin, “Embawood” mebel şirkətinin təsisçisidir.




































































