"PAŞA Bank" əvvəlki kimi qazana bilmir? - mənfəəti 24 milyon manata yaxın azalıb
Bu ilin ilk yarısında "PAŞA Bank" ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 26% və ya 23,8 milyon manat azalaraq 67,7 milyon manata düşüb. Halbuki, bank 2025-ci ilin ilk yarısını 91,6 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
Plat.az xəbər verir ki, maliyyə nəticələrinin təhlili mənfəətin azalmasının bir neçə amillə bağlı olduğunu göstərir.
Ən böyük təsir kredit riskləri üzrə yaradılan ehtiyatlardan gəlib. Belə ki, bankın mümkün zərərlər üçün ayırdığı ehtiyatlar ötən ilin ilk yarısındakı 9,1 milyon manatdan 32,9 milyon manata yüksəlib. Beləliklə, bankın kredit riskləri üzrə ayırmaları 3,6 dəfə artıb ki, bu da xalis mənfəətin azalmasına əsas təsir göstərən amillərdən biri olub.
Bundan başqa, bankın qeyri-faiz gəlirləri də əhəmiyyətli dərəcədə azalıb. Bu göstərici bir il əvvəlki 146,2 milyon manatdan 114,1 milyon manata enib. Azalmanın əsas hissəsi qeyri-faiz gəlirlərinin tərkibindən digər gəlirlərin 39,7 milyon manatdan 8,3 milyon manata düşməsi hesabına baş verib. Bank digər gəlirlərin nədən ibarət olduğunu açıqlamayıb.
Mənfəətin azalmasına baxmayaraq, bankın əsas fəaliyyətində artım müşahidə olunub. Faiz gəlirləri 257,6 milyon manatdan 287,7 milyon manata, müştərilərə verilən kreditlərdən faiz gəlirləri isə 160,8 milyon manatdan 167 milyon manata yüksəlib. Alınan haqq və komissiya gəlirləri də 84,2 milyon manatdan 88,1 milyon manata çatıb.
Digər tərəfdən, bankın faiz xərcləri 27% artaraq 110 milyon manata yüksəlib. Artım əsasən depozitlər üzrə ödənilən faizlərin 75,8 milyon manatdan 101,4 milyon manata çatması ilə bağlı olub. Nəticədə, xalis faiz gəliri cəmi 3,7% artaraq 167,5 milyon manatdan 173,7 milyon manata yüksəlib.
Bankın əməliyyat xərclərində isə fərqli dinamika müşahidə edilib. Əməkhaqqı və işçilərə ödənilən digər kompensasiyalar 50,1 milyon manatdan 56,7 milyon manata artsa da, digər xərclərin azalması hesabına ümumi qeyri-faiz xərcləri 189,5 milyon manatdan 166,5 milyon manata düşüb.
Beləliklə, faiz və komissiya gəlirlərində artım, eləcə də xərclərin azalması bankın maliyyə nəticələrini dəstəkləsə də, kredit riskləri üzrə ehtiyatların kəskin artırılması və qeyri-faiz gəlirlərinin azalması bu müsbət dinamikanı üstələyib. Nəticədə, PAŞA Bank bu ilin ilk yarısını ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı mənfəətlə başa vurub.
Ümumilikdə isə bank bu 5,2% böyüyərək cəmi aktivlərini 9,5 milyard manata çatdırıb. Bankın cəmi öhdəlikləri 1,3% artaraq 8,6 milyard manata, cəmi kapitalı isə 0,4% artaraq 921,6 milyon manata bərabər olub.





































































