Bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib
Ölkə ərazisində bitki sağlamlığının və fitosanitar sabitliyin qorunması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.
“Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron, Salyan, İmişli, Beyləqan, Zəngilan və Tərtər rayonlarında bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə görüşlər təşkil olunub, əkin və bağ sahələrində yerində maarifləndirmə tədbirləri həyata keçirilib.
Görüşlər zamanı iştirakçılara pestisidlərin və aqrokimyəvi maddələrin düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkə ərazisində yalnız dövlət qeydiyyatına alınmış pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, satışına və istifadəsinə icazə verilir. Mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən preparatların tətbiqi bitki sağlamlığı, ətraf mühit və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Vurğulanıb ki, bitki mühafizə vasitələri seçilərkən etiket məlumatlarına və istifadə təlimatlarına əməl olunmalıdır.
Həmçinin bölgələrdə yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən gavalının cibcibə virusu, qonur monilioz çürüməsi, komstok yastıcası, Amerika ağ kəpənəyi, qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları və onlara qarşı mübarizə tədbirləri barədə də məlumat verilib.
Bununla yanaşı, bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, qeydiyyat məhsulun izləniləbilənliyinin təmin olunmasına, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aqrar sahənin davamlı inkişafına töhfə verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları təqdim edilib.





































































