“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı əməkdaşlara təqdim olundu
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuş əməkdaşlarla görüş keçirib.
Vüqar Süleymanov əməkdaşlara medalları təqdim edərək, dövlət təltifinə layiq görülmələri münasibətilə təbrik edib. Bildirib ki, bu yüksək mükafat dövlət tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən xidmətlərə, peşəkarlığa, fədakar əməyə və ölkənin təhlükəsizliyinin təmin olunmasına verilən yüksək dəyərin bariz ifadəsidir.
Təltif olunan əməkdaşlar onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da ölkənin mina təhlükəsindən azad edilməsi, insanların təhlükəsizliyinin təmin olunması və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.
Qeyd edək ki, təltif olunanlar arasında Agentliyin şəhid əməkdaşı da yer alıb. “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı onun ailə üzvlərinə təqdim olunub. Həmçinin, Agentliyin İdarə Heyəti sədrinin müavini və struktur bölmə rəhbərləri şəhid əməkdaşın məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.







































































