Rəqəmsal startaplar niyə uğursuz olur? - SƏBƏBLƏR AÇIQLANDI

Hit: 507
Rəqəmsal startaplar niyə uğursuz olur? - SƏBƏBLƏR AÇIQLANDI
Texnologiya inkişaf etdikcə və rəqəmsallaşmanın kəmiyyət və keyfiyyəti artdıqca rəqəmsal startapların da sayında artımlar müşahidə olunmaqdadır. Ancaq bir sıra hallarda həmin startaplar müəyyən səbəblərdən uğursuzluğa düçar olur. Azərbaycanda rəqəmsal startapların böyük hissəsi qlobal statistikaya uyğun olaraq fəaliyyətinin ilk illərində çətinliklərlə üzləşir.
 
Bəs Azərbaycanın innovasiya mühitində bəzi rəqəmsal layihələr niyə sıradan çıxır?
 
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında marketoloq Anar Rüstəmli bildirib ki, Azərbaycanda startapların uğursuzluğunu adətən iki səbəblə izah edirlər:
 
“İnvestorlar pul vermir və ya gənclərin ideyaları zəifdir. Məncə, hər iki yanaşma problemi həddindən artıq sadələşdirir. Azərbaycanda istedad və ideya çatışmazlığı yoxdur. Əsas problem istedadın məhsula, məhsulun müştəriyə, müştərinin kapitala, kapitalın isə böyümə və “exit” imkanına bağlandığı tam ekosistemin formalaşmamasıdır.
 
Son illərdə müəyyən irəliləyişlərin olduğunu da inkar etmək olmaz. StartupBlink-in 2025-ci il qiymətləndirməsində Azərbaycan altı pillə yüksələrək dünyada 74-cü yerə çıxıb, ekosistemin illik artımı 24% göstərilib. Startup Genome Azərbaycanı istedada çıxış göstəricisinə görə Asiyada ilk 25 ölkə arasında qeyd edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) isə 750-dən çox startapın dəstəkləndiyini və ekosistemin dəyərinin 25 milyon dollara çatdığını bildirir.
 
Amma bu göstəricilər hələ real investisiya həcminə çevrilməyib. 2025-ci ildə cəmi 22 startap ümumilikdə təxminən 2,62 milyon dollar investisiya cəlb edib. Əvvəlki illərlə müqayisədə bu, irəliləyişdir. Amma regional texnologiya mərkəzi olmaq istəyən ölkə üçün çox kiçik rəqəmdir.
 
Problemi yalnız founder-lərin təcrübəsizliyi ilə izah etmək də düzgün deyil. Əsas məsələ budur ki, Azərbaycanda yaradılan layihələrin böyük hissəsi əslində startap yox, rəqəmsallaşdırılmış kiçik biznes modelidir. Mobil tətbiq və ya platforma yaratmaq biznesi avtomatik olaraq startapa çevirmir. “Venture” kapital üçün məhsul sürətlə böyüməli, böyük bazara çıxmalı və investorun qoyduğu kapitalı dəfələrlə artırmaq potensialına sahib olmalıdır”.
 
Ekspert həmçinin qeyd edib ki, bir çox komanda məhsulu yalnız Azərbaycan bazarı üçün hazırlayır:
 
“Yerli bazar isə böyük “venture” nəticəsi üçün kifayət qədər geniş deyil. Buna görə Azərbaycan startapı ilk gündən yalnız Bakı üçün yox, ən azı regional, mümkün olduqda isə qlobal bazar üçün düşünməlidir.
 
Digər problem odur ki, məhsulun hazırlanmasına çox, satışına isə az diqqət ayrılır. Azərbaycanda güclü proqramçılar, dizaynerlər və texniki mütəxəssislər var. Amma startap yalnız yaxşı yazılmış koddan ibarət deyil. Müştərinin real problemi, satış kanalları, “unit economics”, maliyyə modeli, hüquqi struktur, “cap table” və məhsul-bazar uyğunluğu yoxdursa, texniki cəhətdən güclü məhsul da investisiya ala bilmir.
 
Eyni zamanda, yerli sahibkar və investor düşüncəsi “venture” kapital məntiqinə tam uyğunlaşmayıb. Ənənəvi investor girov, sabit gəlir, dividend və qısa müddətdə geri dönüş istəyir. “Venture” investor isə bilir ki, portfeldə olan on layihədən altısı və ya yeddisi uğursuz ola bilər. Bəzən bütün portfelin gəlirini yalnız bir uğurlu layihə təmin edir. Azərbaycanda kapital var, amma bu risk modelini qəbul edən kapitalın həcmi çox azdır.
 
Azərbaycanda “venture” kapitalın ümumiyyətlə olmadığını demək də düzgün olmaz. Artıq real institusional oyunçular mövcuddur. “Caucasus Ventures” İRİA, PASHA Holding və fərdi investorların iştirakı ilə 11,3 milyon manat kapitalla yaradılıb. Bunun 5 milyon manatı dövlət qurumu, 5 milyon manatı PASHA Holding, 1,3 milyon manatı isə fərdi investorlar tərəfindən təmin edilib. Fond ilkin mərhələdə 50 min, sonrakı mərhələdə isə 200 min dollara qədər investisiya edir. 2024-cü ilin sonunda portfelində 23 startap olub və onların yarısı azərbaycanlı founder-lər tərəfindən yaradılıb.
 
“SABAH.fund” “pre-seed” və “seed” mərhələlərində 100 min dollardan 750 min dollara qədər investisiya edir. “INMerge Ventures” isə “pre-seed” və “seed” mərhələsində 200 min dollara qədər investisiya yatırır. Bundan başqa, “Tumar Venture Fund Azerbaijan”, “Technovate–SABAH Angels” və “Divida Angel Club” kimi strukturlar da fəaliyyət göstərir.
 
Amma fondların Bakıda yerləşməsi yerli startapın avtomatik investisiya alacağı demək deyil. Bu fondların coğrafiyası Azərbaycanla məhdudlaşmır. Yerli founder Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Şərqi Avropa və MENA regionundan olan startaplarla eyni kapital uğrunda rəqabət aparır.
 
Digər məsələ investisiya zəncirinin tam olmamasıdır. “Pre-seed” və müəyyən qədər “seed” kapitalı formalaşıb. Amma böyük “seed” və “Series A” mərhələsində ciddi boşluq qalır. İlk mərhələdə 50–200 min dollar alan startap növbəti 1–3 milyon dollarlıq raund üçün yenə xarici fondlara müraciət etməli olur. Yerli uğurlu “exit”lərin az olması isə investorların yeni fondlara daha böyük kapital ayırmasını çətinləşdirir.
 
Ekspert şəffaflıq və hesabatlılıq məsələsinə də toxunub:
 
“Fondların açıqladığı məlumatlar əsasən ümumi rəqəmlərdən ibarətdir. Hansı startapa nə qədər investisiya qoyulduğu, hansı payın alındığı, neçə investisiyanın uğursuz olduğu, fondların gəlirliliyi və idarəetmə xərcləri ictimai hesabatlarda görünmür.
 
Özəl “venture” fond bütün kommersiya detallarını ictimaiyyətə açıqlamağa məcbur deyil. Amma fondun daxilində dövlət və ya dövlətə bağlı qurumların vəsaiti varsa, hesabatlılıq standartı daha yüksək olmalıdır. Fondun kapital strukturu, il ərzində aldığı müraciətlərin və etdiyi investisiyaların sayı, yerli və xarici startaplara ayrılan vəsaitin nisbəti, investisiyaların mərhələ və sektorlar üzrə bölgüsü, portfel şirkətlərinin sağ qalma, gəlir, ixrac və sonrakı investisiya göstəriciləri açıqlanmalıdır.
 
Uğursuz investisiyaların sayı, idarəetmə xərcləri, müstəqil audit nəticələri və maraqlar toqquşmasının qarşısını alan mexanizmlər də ictimai olmalıdır.
 
Bu məlumatların olmaması investisiyaların qeyri-obyektiv verildiyini sübut etmir. Amma qapalı məlumat mühiti founder-lər arasında qərarların dar çevrədə verildiyi, şəxsi əlaqələrin məhsulun keyfiyyətindən daha vacib olduğu və müraciət proseslərinin formal xarakter daşıdığı barədə şübhələri artırır. Bu şübhələri aradan qaldırmağın yolu daha çox tədbir keçirmək yox, investisiya prosesini ölçülə və yoxlanıla bilən etməkdir.
 
Eyni problem İRİA-nın hesabatlılığında da görünür. Agentlik 2022–2024-cü illər üzrə audit edilmiş maliyyə hesabatlarını yayımlayır. Yəni ümumiyyətlə hesabat vermədiyini demək doğru olmaz. Amma maliyyə auditi startap proqramlarının effektivliyini göstərmir.
 
“750 startap dəstəklənib” fəaliyyət göstəricisidir, nəticə göstəricisi deyil. Əsas sual budur: bu startapların neçəsi bu gün fəaliyyət göstərir? Neçəsi gəlir əldə edir? Neçəsi ixrac edir? Neçəsi yerli və ya xarici investisiya alıb? Neçəsi proqramdan sonra bağlanıb? Bir uğurlu şirkətin yetişdirilməsi dövlətə nə qədər başa gəlib?
 
Bu məlumatlar olmadığı halda tədbir, təlim və iştirakçı sayı əsas KPI kimi təqdim olunur. Halbuki ekosistemin nəticəsi keçirilən tədbirlərin sayı ilə yox, yaranan şirkətlərin gəliri, ixracı, yaratdığı məşğulluq, aldığı investisiya və etdiyi “exit”lə ölçülməlidir.
 
İRİA-nın fəaliyyətini yalnız tədbir və təlimlərdən ibarət göstərmək də ədalətli olmaz. Agentlik “venture” fondlarının yaradılmasında iştirak edib, virtual texnopark rezidentliyi və vergi güzəştləri təqdim edib, White Hill Capital, Plug and Play və Tenity kimi beynəlxalq oyunçularla əməkdaşlıqlar qurub.
 
2026-cı ildə Plug and Play ilə başladılan GOAL proqramı yüksək potensiallı yerli startapların Silikon Vadisi ekosisteminə çıxışını sürətləndirməyi nəzərdə tutur. “Venture” fondlarının hüquqi statusu, qeydiyyat modelləri və vergi təşviqləri ilə bağlı qanunvericilik dəyişikliklərinin hazırlanması da müsbət addımdır. Amma bu çərçivənin yalnız indi formalaşması əvvəlki illərdə hüquqi və vergi qeyri-müəyyənliyinin investorlar üçün real problem olduğunu da göstərir.
 
Bununla belə, dövlət agentliyi təkbaşına bazar yarada bilməz. İRİA founder əvəzinə məhsul sata, korporasiyaları startaplardan xidmət almağa məcbur edə, universitetlərdə kommersiyalaşma mədəniyyətini bir gündə qura və ya investor üçün uğurlu “exit” təmin edə bilməz.
 
Məncə, agentliyin növbəti mərhələdə əsas KPI-ları tədbir və təlimlərlə bərabər, startapların əldə etdiyi gəlir, ixrac, ödənişli müştəri, follow-on investisiya, yaratdığı yüksək maaşlı iş yerləri və exit göstəriciləri olmalıdır.
 
Ekspert həll yollarına da toxunub:
 
“Problemin həlli üçün ilk növbədə böyük dövlət qurumları və holdinqlərdə “venture client” modeli yaradılmalıdır. Bu modeldə qurum startapa qrant vermir və onun səhmini almır. Konkret problemin həlli üçün məhsulu ödənişli pilot kimi satın alır.
 
Beləliklə, startap ilk real müştərisini, gəlirini və xarici investora göstərə biləcəyi korporativ referansı əldə edir. Qurum isə böyük satınalmaya keçməzdən əvvəl məhsulu real şəraitdə sınaqdan keçirir. Startapın ən böyük ehtiyacı bəzən 50 min dollar investisiya yox, ilk böyük korporativ müqavilə olur.
 
İRİA dövlət qurumları və özəl şirkətlərlə birlikdə açıq problem siyahıları dərc edə, startapları şəffaf seçimlə pilotlara cəlb edə və nəticələri ictimaiyyətə açıqlaya bilər.
 
İkinci məsələ “fund of funds” modelidir. Dövlət ayrı-ayrı startapları birbaşa seçib maliyyələşdirmək əvəzinə, vəsaiti müstəqil və peşəkar şəkildə idarə olunan “venture” fondlarına yerləşdirməlidir. Bu model siyasi və şəxsi təsir riskini azaldır, investisiya qərarlarını peşəkar fond menecerlərinə ötürür.
 
Amma bunun üçün fondların kapital strukturu, dövlət vəsaitinin payı, idarəetmə haqqı, nəticələri və maraqlar toqquşması qaydaları açıq olmalıdır.
 
İnvestorların bazara daxil olması da asanlaşdırılmalıdır. Rəsmi qeydiyyatdan keçən və hesabat verən investisiyalar üçün vergi güzəştləri tətbiq edilməli, standart investisiya müqavilələri hazırlanmalıdır. Convertible note və SAFE kimi sadələşdirilmiş investisiya alətləri üçün aydın hüquqi çərçivə yaradılmalıdır.
 
Hazırda bu alətlərin yerli qanunvericilikdə necə tətbiq ediləcəyi ilə bağlı qeyri-müəyyənlik investorları xarici yurisdiksiyalardan istifadə etməyə məcbur edir. Minoritar investorların hüquqları qorunmalı, payın satılması və kapitalın ölkədən rahat çıxarılması üçün aydın mexanizmlər qurulmalıdır.
 
Universitetlərdə yalnız hakaton keçirmək də kifayət deyil. Texnologiya transferi ofisləri yaradılmalı, patentlərin kommersiyalaşdırılması və professorlarla tələbələrin şirkət qurması üçün real mexanizmlər formalaşdırılmalıdır.
 
Azərbaycan diasporu da ekosistemə sistemli şəkildə qoşulmalıdır. Xaricdə böyük texnologiya şirkətlərində çalışan azərbaycanlılar mentor, investor, ilk müştəri və beynəlxalq bazara çıxış nöqtəsi ola bilərlər.
 
Bütün bunlarla paralel olaraq İRİA və dövlət vəsaitinin iştirak etdiyi fondlar hər il vahid və açıq ekosistem hesabatı dərc etməlidir. Hər proqram üzrə xərclənən vəsait, seçim meyarları, seçilən şirkətlər və əldə olunan ölçülə bilən nəticələr göstərilməlidir.
 
Azərbaycanda eyni anda iki həqiqət var. Investorların sayı və kapitalın həcmi kifayət qədər deyil. Amma investisiyaya tam hazır, qlobal şəkildə miqyaslana bilən startapların sayı da çox deyil. Buna görə problemi yalnız “investor pul vermir” və ya “gənclərin ideyaları zəifdir” yanaşması ilə izah etmək olmaz.
 
Azərbaycan gənclərinin problemi potensialın olmaması deyil. Problem bu potensialın sistemli şəkildə dünya bazarına çıxarıla bilinməməsidir. Gənclərimiz sürətlə öyrənir, yeni texnologiyalara tez adaptasiya olur və məhdud resurslarla məhsul yaratmağı bacarırlar.
 
Kiçik daxili bazar düzgün yanaşmada üstünlüyə də çevrilə bilər. Azərbaycanlı founder ilk gündən yalnız Bakı üçün yox, İstanbul, Astana, Daşkənd, Dubay, Berlin və London üçün məhsul yaratmağı düşünməlidir.
 
Azərbaycanda startap probleminin adı istedad qıtlığı deyil. Problem istedadın kapitala, kapitalın bazara, bazarın isə qlobal böyüməyə və uğurlu “exit”ə bağlana bilməməsidir.
 
 
Ekosistemin növbəti mərhələsi yeni tədbirlər və yeni şüarlar olmamalıdır. Açıq rəqəmlər, müstəqil qiymətləndirmə, şəffaf investisiya qərarları və yerli startaplar üçün real müştəri bazarı yaradılmalıdır. Bu zənciri qura bilsək, Azərbaycan gənclərinin regionun ən güclü texnologiya məhsullarını yaratmaq üçün kifayət qədər potensialı var”.






Redaktorun seçimi