İcra Başçısı pambıq sahələrinə baxış keçirib

Hit: 157
İcra Başçısı pambıq sahələrinə baxış keçirib
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun müxtəlif ərazilərində əkilmiş pambıq sahələrində olaraq fermerlərlə görüşmüş və işlərin gedişi ilə maraqlanmışdır. 
 
Görüş zamanı icra başçısı ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində əsas hədəflərə nail olmaq üçün bütün dövlət dəstəyi təmin olunacaqdır.  
Qeyd edək ki,Dövlət Proqramından irəli gələn strateji vəzifələrin icrası məqsədilə bu il Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 8301,2 hektar sahədə pambıq əkilmişdir. Əkin sahələrinin genişləndirilməsi rayonda bu gəlirli sahəyə olan marağın və dövlət dəstəyinə inamın bariz nümunəsidir.  Müqayisə üçün qeyd edək ki, ötən 2025-ci ildə Biləsuvar rayonunda 8028,4 hektar sahədə pambıq əkilərək, sahələrdən 32517,2 ton xam pambıq tədarük edilib və  məhsuldarlıq 40,5 sentner olub. Bu göstərici ilə rayonumuz respublika üzrə ikinci sırada yer alıb. 
 
Faiq Qürbətov cari mövsümdə də bu uğurlu tendensiyanın qorunması və məhsuldarlığın daha da artırılması üçün aqrotexniki qulluq qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirmiş və  aidiyyəti strukturlara müvafiq tapşırıqlar vermişdir. Sonda fermerlərin müraciət və təklifləri dinlənilmiş, pambıq istehsalçılarının fəaliyyətinə hər tərəfli dəstəyin davam etdiriləcəyi ifadə olunmuşdur.






Redaktorun seçimi