Biləsuvarda Günəş Elektrik Stansiyasında aparılan tikinti işlərinin gedişi ilə bağlı növbəti görüş keçirilib
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov görüşdən əvvəl stansiyada aparılan tikinti işlərinə baxış məqsədilə ərazidə olub və görülən işləri əyani izləyib. İcra başçısına MDB məkanında ən böyük Günəş Elektrik Stansiyası olan Biləsuvar Günəş Elektrik Stansiyasında layihə çərçivəsində aparılan işlərin vəziyyəti, tətbiq olunan ən müasir texnologiyalar və ekoloji standartlar barədə geniş məlumat verilib.
Biləsuvar Rayon İcra Hakimiyyətində davam etdirilən görüşdə icra başçısı Faiq Qürbətov Masdar şirkətinin Günəş Elektrik Stansiyası üzrə Layihə İdarəetmə Ofisinin Direktoru Luis Alberto Garcia Alonsonu, Layihənin Təchizatı üzrə Direktor Köməkçisi Mohamed Al Muharrami, Biznesin İnkişafı üzrə Baş Menecer (CIS) Amr Usamanı, “Masdar” şirkətinin Azərbaycan Respublikası üzrə meneceri Murad Sadıxovu və MEGA Layihəsi üzrə Müqavilələr Meneceri Fuad Nəcəfovu qəbul edib.
Görüş zamanı 1454 hektar ərazini əhatə edən və 445 MVt gücündə olacaq bu nəhəng enerji obyektinin tikintisindəki mövcud vəziyyət müzakirə edilib. İştirakçılar tikinti işlərinin faktiki vəziyyətini qiymətləndirərək, qarşıda duran vəzifələri müzakirə ediblər.
Qeyd olunub ki, bu nəhəng enerji layihəsi istifadəyə verildikdən sonra həm bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək, həm də rayonda yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Görüş zamanı tikinti prosesinin sürətləndirilməsi və işlərin müəyyən olunmuş qrafikə uyğun tamamlanması məqsədilə müvafiq koordinasiya məsələləri razılaşdırılıb.
Biləsuvar Günəş Elektrik Stansiyası Azərbaycanın yaşıl enerji strategiyasında ən mühüm və strateji nöqtələrdən biri kimi çıxış edəcək və layihə bölgənin ekoloji mühitinin qorunmasına, atmosferə atılan karbon emissiyasının ciddi şəkildə azaldılmasına böyük töhfə verəcəkdir.








































































