Ümumdünya Gömrük Təşkilatının Baş katibi Ian Saunders Azərbaycanda səfərdədir

Hit: 159
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Ian Saunders Azərbaycanda səfərdədir
İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Ian Saunders Azərbaycana səfərə gəlib.
 
İlk olaraq ÜGT Baş Katibi Ian Saunders Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
 
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
 
Dövlət Gömrük Komitəsində Ian Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrlərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.
 
Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti tanış olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Ian Saundersə  virtual monitorinq mərkəzi, sərnişin risk sitemi, həmçinin mal və nəqliyyat vasitələrinə elektron nəzarət sistemləri  barədə xüsusi təqdimatlar əsasında məlumat verilib.
 
Baş katib Ian Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə də görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan danışıb.
 
Ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan Baş katib Azərbaycan gömrük xidmətinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli və işgüzar münasibətlərin qurulması, qabaqcıl ideyaların, müasir yanaşmaların tətbiqi istiqamətindəki fəaliyyətindən məmnunluqla bəhs edib.
 
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov  Azərbaycan gömrük xidməti ilə Ümumdünya Gömrük Təşkilatı arasında qarşılıqlı etimada, strateji baxışların uzlaşmasına və ortaq məqsədlərə əsaslanan möhkəm tərəfdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. Qeyd olunub ki, bu əməkdaşlıq yeni istiqamətlərin müəyyənlərdirilməsinə, rəqəmsal transformasiyanın, dayanıqlı ticarətin və beynəlxalq standartların təşviqinə töhfə verir.
 
Sonda ÜGT Baş Katibi Ian Saunders Gömrük Tarixi Muzeyini ziyarət edib.






Redaktorun seçimi