Agentlikdə sertifikatlaşdırma qurumları üçün maarifləndirici görüş keçirilib
Maarifləndirici görüşdə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əks olunmuş təhlükəsizlik tələbləri, eləcə də uyğunluğun qiymətləndirilməsi prosedurları barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”in tələblərinə uyğunluğunun qiymətləndirilməsini həyata keçirən sertifikatlaşdırma qurumlarının nümayəndələri üçün maarifləndirici görüş keçirilib.
Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev texniki tənzimləmə ekosisteminin yaradılması istiqamətində Agentlik tərəfindən görülmüş işlər və sistemin tətbiq mexanizmləri ilə bağlı yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, görüşün əsas məqsədi qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların idxalı, istehsalı və satışı ilə məşğul olan yerli və xarici təsərrüfat subyektlərinə öz fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmaları üçün müvafiq dəstəyin göstərilməsidir.
Bundan əlavə, tədbirdə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əks olunmuş təhlükəsizlik tələbləri, uyğunluğun qiymətləndirilməsi prosedurları və bu sahədə tətbiq ediləcək yeni mexanizmlər barədə ətraflı məlumat verilib. Həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı sənədlərin formalaşdırılması barədə təqdimat iştirakçıların diqqətinə çatdırılıb.
Görüş interaktiv müzakirə formatında davam etdirilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





































































