Qarabağ Universitetində İşçi Qrupun növbəti iclası keçirilib

Hit: 154
Qarabağ Universitetində İşçi Qrupun növbəti iclası keçirilib
Qarabağ Universitetində Blackboard LMS və Student Information System (SIS) layihələri üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
 
İclasda universitetdə tədrisin rəqəmsallaşdırılması istiqamətində son bir il ərzində görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər müzakirə olunub.
 
Bildirilib ki, Blackboard LMS platforması artıq universitetin tədris prosesinin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu müddət ərzində müəllimlərin rəqəmsal tədris bacarıqları əhəmiyyətli dərəcədə inkişaf edib, universitet daxilində güclü təlimçi komandası formalaşdırılıb və dayanıqlı rəqəmsal inkişaf mühiti yaradılıb. Növbəti mərhələdə müəllimlərin rəqəmsal tədris sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, platformanın bütün funksiyalarından səmərəli istifadənin genişləndirilməsi və innovativ tədris yanaşmalarının tətbiqinin artırılması əsas hədəflər kimi müəyyənləşdirilib.
 
İclasda Tibb və Sağlamlıq Elmləri Fakültəsində Blackboard platforması üzərindən rəqəmsal imtahanların uğurla tətbiqi, eləcə də İncəsənət Fakültəsində fərdi tədris qruplarında platformadan istifadənin müsbət nəticələri xüsusi qeyd olunub. Bildirilib ki, bu təcrübələr rəqəmsal həllərin tədrisin keyfiyyətinin yüksəldilməsi və akademik proseslərin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
 
Görüş çərçivəsində Student Information System (SIS) layihəsinin arxitekturası, Blackboard LMS ilə inteqrasiya imkanları, eləcə də növbəti inkişaf mərhələsində süni intellekt alətlərinin tədris, qiymətləndirmə və akademik idarəetmə proseslərinə tətbiqi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Vurğulanıb ki, Qarabağ Universitetinin strateji məqsədi yalnız rəqəmsal sistemlərdən istifadə edən ali təhsil müəssisəsi olmaq deyil, eyni zamanda məlumat əsaslı qərarların qəbul edildiyi, süni intellekt texnologiyalarından səmərəli istifadə olunduğu, innovativ tədris yanaşmalarının tətbiq edildiyi və beynəlxalq standartlara cavab verən müasir rəqəmsal universitet modelinin formalaşdırılmasıdır.
 
Qeyd olunub ki, Qarabağ Universiteti gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələrlə ölkənin qabaqcıl universitetlərindən birinə çevrilmək yolunda inamla irəliləyir.






Redaktorun seçimi