Bu il AZAL-ın hər 5 reysindən 1-də gecikmə olub

Hit: 272
Bu il AZAL-ın hər 5 reysindən 1-də gecikmə olub
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin ilk yarısında sərnişin sayını artırsa da, aviaşirkətin punktuallıq göstəricisi 81% təşkil edib. Bu isə reyslərin təxminən 19%-nin vaxtında icra olunmadığını göstərir.
 
Plat.az xəbər verir ki, bu rəqəmlər AZAL-ın təqdim etdiyi 2026-cı ilin yanvar-iyun ayları üzrə fəaliyyət göstəricilərində qeyd olunub.
 
Aviaşirkətin məlumatında bildirilib ki, orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Başqa sözlə, reyslərin təxminən beşdə biri punktuallıq göstəricisindən kənarda qalıb.
 
Hesabat dövründə aviaşirkət ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım deməkdir.
 
Beynəlxalq istiqamətlər üzrə sərnişinlərin sayı isə 4% artaraq 1,6 milyona çatıb. İlk 6 ayda AZAL tərəfindən ümumilikdə 8 462 reys yerinə yetirilib ki, bu da illik müqayisədə 7% artım deməkdir. Həmin reyslərin 6 566-sı beynəlxalq istiqamətlər üzrə həyata keçirilib.
 
 
Qeyd  olunub ki, sərnişinlərin ən çox üstünlük verdiyi beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara olub.






Redaktorun seçimi