Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib

Hit: 166
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
 
Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili məzunları üçün buraxılış mərasimi keçirilib.
 
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Məmmədov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
 
 
 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. Vurğulayıb ki, İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. 
 
 
 
Çıxışının sonunda rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları  bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb. Nazir müavini xaricdə ali təhsilin bütün səviyyələri üzrə həyata keçirilən dövlət proqramlarının gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ikili diplom proqramlarının sayının 8-ə çatdırılacağını deyib. İdris İsayev həmçinin süni intellekt dövrünün çağırışlarını nəzərə alaraq gənclərə daim öz üzərlərində çalışmağı, bilik və səriştələrini davamlı artırmağı tövsiyə edib. Nazir müavini məzunların bu uğurunda professor-müəllim heyətinin zəhmətini və valideynlərin dəstəyini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirib. 
 
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar. 
 
 
 
Sonra çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ölkələrimiz arasında münasibətlərin son illərdə bütün istiqamətlərdə, xüsusilə təhsil, elm və innovasiya sahələrində uğurla inkişaf etdiyini deyib.  Bildirib ki, insan kapitalının inkişafı istiqamətində Koreya Azərbaycan üçün etibarlı tərəfdaşdır və birgə layihələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. 
 
Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirib, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
 
 
 
Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.
 
Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət  konsert proqramı təqdim olunub.






Redaktorun seçimi