Neftçalada Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR
Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi lideri böyük ehtiramla yad ediblər.
Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən yığıncaqda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yığıncaqda Neftçala rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin ötən dövr ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilərək, ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan və yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edilib, həmçinin gənc nəslin dövlətə, xalqa sədaqət ruhunda, kənar zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqalların zəngin həyat təcrübəsinə hər zaman böyük ehtiyac olduğu xüsusi vurğulanıb.
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri Fikrət Əliyev, Şakir Bəşirov və Vətən müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova şuranın hesab dövründəki fəaliyyətini müsbət dəyərləndirərək, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini və insanların nizam-intizama dəvət edilməsində, eləcə də gənc nəslin düzgün yönəldilməsində onların öyüd-nəsihətlərinə hər zaman böyük hörmətlə yanaşıldığını vurğulayıblar və yaşlı nəslin nümayəndələrinə göstərdikləri dəstəyə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Neftçalada rayon ağsaqqallarının rayon rəhbərliyi ilə sıx əməkdaşlığından məmnunluğunu ifadə edərək ölkəmizdə bütün sahələrdə həyata keçirilən dinamik inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənc nəsil arasında geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırdı. Rayonun ictimai-siyasi və mədəni həyatında yaşlı nəslin nümayəndələrinin daha yaxından və fəal iştirakının vacibliyini vurğulayan Abel Məhərrəmov şuranın fəaliyyətini qənaətbəxş hesab etdi.
Daha sonra Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirildiyini və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrətinin günbəgün artdığını xüsusi vurğulayaraq, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdi. O, Neftçala rayonunda gedən abadlıq quruculuq işlərini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu və hesabat dövründə şuranın fəaliyyətini yüksək qiymətləndirdi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək intellektual potensialı, elm, mədəniyyət və ictimai-siyasi xadimləri öz sıralarında cəmləşdirən Azərbaycan Ağsaqqallar Şurasının yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər və köklü adət-ənənələrə sadiqlik ruhunda formalaşdırılması prosesindəki müstəsna rolunu önə çəkdi. Rayon rəhbəri vurğuladı ki, çoxşaxəli fəaliyyəti ilə ölkənin ümumi tərəqqisinə töhfə verən respublika ağsaqqalları Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın milli mənafelərinə xidmət edən daxili və xarici strateji kursunu hər zaman qətiyyətlə müdafiə edirlər. Gənc nəslin azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi işinə yaşlı nəslin öz bilik, bacarıq və zəngin həyat təcrübəsi ilə daim dəstək verdiyini diqqətə çatdıran Mirhəsən Seyidov, dövlət başçısının ağsaqqallıq institutuna verdiyi yüksək dəyəri xatırladaraq, qarşıda duran prioritet vəzifələrin icrasında Neftçala ağsaqqallarına uğurlar arzulayıb.
Daha sonra yığıncaqda təşkilatı məsələlərə baxılıb. Ağayev Əbülfəz Yusif oğlu yenidən Rayon Ağsaqqallar Şurasının sədri və Şuranın İdarə Heyətinin 13 nəfərdən ibarət üzvü və Təftiş komissiyasının üzvləri səsvermə yolu ilə seçilib.
Tədbirin sonunda ağsaqqalların rəy və təklifləri dinlənilib, qərar layihəsi oxunub və yığıncaq iştirakçıları ilə xatirə şəkli çəkilib.


































































