Peşə hazırlığı üzrə xüsusi təlim proqramı başlayıb

Hit: 165
Peşə hazırlığı üzrə xüsusi təlim proqramı başlayıb
Əhalinin məşğulluq imkanlarını genişləndirmək, işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnmələrinə şərait yaratmaq və onların enerji sektorunda uzunmüddətli və dayanıqlı məşğulluqlarını təmin etmək məqsədilə “Azərişıq” ASC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi birgə məşğulluq layihəsi icra edir.
 
Bu əməkdaşlıq çərçivəsində Dövlət Məşğulluq Agentliyində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlar müsahibə mərhələsindən uğurla keçdikdən sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində peşə hazırlığı üzrə xüsusi təlim proqramına cəlb olunurlar.
 
Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, “Azərişıq” ASC-nin infrastruktur obyektlərində və xidmət sahələrində real məşğələlərə cəlb olunaraq paylayıcı elektrik şəbəkələrinin istismarı, qurğu və avadanlıqların iş prinsipləri, texniki təhlükəsizlik qaydaları, elektrik enerjisinin uçotu, abonentlərlə iş və digər mövzularda praktiki vərdişlər də əldə edirlər.
 
Artıq layihə çərçivəsində təlimləri müvəffəqiyyətlə başa vurmuş bir qrup şəxs “Azərişıq” ASC-nin müvafiq struktur bölmələrində vakant vəzifələrə işə qəbul olunublar. 
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, gələcəkdə daha çox işsiz və işaxtaran şəxsin təlim proqramlarına cəlb edilməsi, müxtəlif peşə istiqamətləri üzrə yeni təlimlərin təşkili, eləcə də layihənin işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, ölkənin müxtəlif regionlarını əhatə etməklə mərhələli şəkildə genişləndirilməsi diqqətdə saxlanacaq.






Redaktorun seçimi