Cəlilabadda yırtıcı quş balası tapılıb

Hit: 163
Cəlilabadda yırtıcı quş balası tapılıb
Cəlilabadda yırtıcı quş balası tapılıb.
 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Abdullu kənd sakini Elnur Adıyev səhər saatlarında həyətində naməlum quş balası ilə qarşılaşıb. Quşun adi ev quşlarından fərqləndiyini görən sakin onu təhlükəsiz yerə götürərək aidiyyəti qurumlara məlumat verib. Baxış zamanı onun yırtıcı quş növünə aid olduğu müəyyənləşib.
 
Bioloq Yunus Qulamovun sözlərinə görə, tapılan quş çöl sarının təxminən 3–4 həftəlik balasıdır. Mütəxəssis bildirib ki, bu növ Azərbaycanın yırtıcı quşları sırasında yer alır və əsasən Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvan Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb.
 
Yunus Qulamov qeyd edib ki, ilin bu dövründə gənc quşlar ilk uçuş cəhdlərini etdikləri üçün bəzən yuvalarından uzaq düşür, yaşayış məntəqələrinin yaxınlığında görünürlər. Bu isə onların köməksiz olduğu anlamına gəlmir. Əksər hallarda valideyn quşlar yaxınlıqda olur və balalarını qidalandırmağa davam edirlər.
 
Mütəxəssislər vətəndaşlara belə hallarda vəhşi quşları evdə saxlamağa və ya özbaşına bəsləməyə çalışmamağı tövsiyə edirlər. Bildirilir ki, bu cür quşların qorunması və yenidən təbii mühitə qaytarılması mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.
 
Qeyd edək ki, uzunayaq sar quşu ekosistemin mühüm hissəsi hesab olunur. O, əsasən gəmiricilər və digər xırda canlılarla qidalanaraq, təbiətdə bioloji tarazlığın qorunmasına töhfə verir.






Redaktorun seçimi