AZAL 2026-cı ildə sərnişinlər üçün nəyi dəyişəcək?

Hit: 277
AZAL 2026-cı ildə sərnişinlər üçün nəyi dəyişəcək?
"Azərbaycan Hava Yolları" (AZAL) 2026-cı ildə əsas diqqəti rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsinə yönəldəcək.
 
Faktor.az xəbər verir ki, bu barədə AZAL-ın Rəqəmsal kommersiya idarəsinin rəisi Vasif Məmmədov bildirib.
 
Onun sözlərinə görə, bu məqsədlə AZAL-ın saytı və mobil tətbiqin genişmiqyaslı yenilənməsinə başlanılıb. Layihə çərçivəsində istifadəçilər üçün daha rahat naviqasiya, sürətli bronlaşdırma və fərdiləşdirilmiş xidmətlər təqdim olunacaq:
 
"2025-ci ildə şirkət rəqəmsal transformasiya istiqamətində bir sıra yeniliklər həyata keçirib. Belə ki, sərnişinlər artıq çağrı mərkəzinə müraciət etmədən veb-sayt və mobil tətbiq vasitəsilə biletlərini qaytara və ya tarixini dəyişə bilirlər. İl ərzində bu xidmətdən 25 minə yaxın sərnişin istifadə edib",-Məmmədov əlavə edib.
 
Bundan başqa, reyslərin gecikməsi, ləğvi, terminal və minik qapısının dəyişməsi ilə bağlı bildirişlər sərnişinlərə elektron poçt, "WhatsApp" və mobil tətbiq vasitəsilə avtomatik göndərilir.
 
AZAL həmçinin ödəniş sistemlərini də genişləndirib. Hazırda mobil tətbiq üzərindən həyata keçirilən ödənişlərin 20 faizdən çoxu "Apple Pay" və "Google Pay" vasitəsilə edilir:
 
"Şirkət ötən il ərzində 10 yeni əlavə rəqəmsal xidmət istifadəyə verib. Bunlara ekonom sinifdən premium və biznes sinfinə keçid imkanı yaradan AZAL Upgrade, uzunmüddətli uçuşlarda boş yan oturacağın rezervasiyasını təmin edən Extra Seat Blocker, valideynsiz səyahət edən uşaqlar üçün Junior Traveller və fərdiləşdirilmiş yemək sifarişi xidməti Air Tastes daxildir",-idarə rəisi vurğulayıb.
 
Vasif Məmmədov bildirib ki, 2026-cı ildə əsas prioritetlərdən biri də süni intellekt texnologiyalarının mərhələli şəkildə tətbiqidir. Bu texnologiyalar istifadəçi davranışlarının təhlili, fərdiləşdirilmiş təkliflərin hazırlanması, kampaniyaların optimallaşdırılması və müştəri xidmətlərinin daha səmərəli təşkilinə yönəldiləcək.
 
 
Onun sözlərinə görə, şirkət cari ildə rəqəmsal platformaların dayanıqlılığını artırmağı, ödəniş üsullarını genişləndirməyi və xarici bazarlarda fəaliyyətini daha da inkişaf etdirməyi planlaşdırır.






Redaktorun seçimi