Naxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir?

Hit: 163
Naxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir?
Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkarın Şərur rayonunda mağazası var və qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. 2026-cı ildən Naxçıvanda fəaliyyət göstərən vergi ödəyicisilərinə vergi güzəştlərinin verilməsi barədə qanunda dəyişiklik edilib. Bu halda vergi güzəştləri həmin fərdi sahibkara hansı formada tətbiq ediləcək?
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi üzrə güzəştlər (idxalda ƏDV-dən azadolma fərqli şərtlərlə) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Vergi Məcəlləsinin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
 
Eyni zamanda Vergi Məcəlləsinin 227.4.3-cü maddəsinin müddəalarına əsasən, pərakəndə ticarət üzrə vergi azadolması Naxçıvan Muxtar Respublikasının ərazisində vergi uçotuna alınan və həmin ərazidə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.
 
Qeyd olunanlara əsasən, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış və bilavasitə həmin ərazidə fəaliyyət göstərən fərdi sahibkarın həmin ərazidə pərakəndə ticarət fəaliyyəti üzrə əldə olunan gəlirləri 2026-cı ilin yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergidən azaddır.
 
Əsas: Vergi Məcəlləsinin 226.4-cü, 227.1-ci, 227.3-cü və227.4.3-cü maddələri.






Redaktorun seçimi