Astarada topdansatış anbarında istehlaka yararsız qida məhsulları aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhəri, C.Cabbarlı küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Rəna Nazir qızına məxsus topdansatış anbarında yoxlama keçirib.
Anbarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, istehlaka yararlı qida məhsullarının yararsız məhsullarla birlikdə saxlanıldığı, qida məhsullarının temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu aşkarlanıb.
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, pivə və yağ məhsulları satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Sahibkar barəsində inzibati protokol tərtib edilib.
AQTA istehlakçıların sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir və sahibkarları qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.






































































