ASCO əməkdaşları logistika mövzusunda Çində beynəlxalq seminarda iştirak ediblər
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İstismar-kommersiya departamentinin əməkdaşları Niyaməddin Aslanov və Şamxal Əliyev Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən "Çin–Avropa Ekspresinin yeni marşrutları və transsərhəd logistikası" mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
Bu təlim çərçivəsində iştirakçılar müasir logistika həlləri, beynəlxalq yükdaşımaların təşkili, transsərhəd logistika, ağıllı nəqliyyat sistemləri, dayanıqlı daşımalar, gömrük risklərinin idarə olunması sahəsində bilik və bacarıqlarını artırıblar.
Əməkdaşlarımız Siyan şəhərinə də səfər edərək İntermodal Terminalda konteynerlərin qatar və yük avtomobilləri vasitəsilə daşınması prosesi ilə yaxından tanış olub, intermodal daşımaların təşkili sahəsində qabaqcıl təcrübəni öyrəniblər.
Şenyanq şəhərində isə onlar böyük beynəlxalq ticarət axınlarının təşkili və idarə edilməsi sahəsində tətbiq olunan müasir yanaşmalar barədə praktiki biliklər əldə ediblər.
Seminarın sonunda iştirakçılara Çin Xalq Respublikasının maliyyə naziri tərəfindən sertifikatlar təqdim edilib.






































































