Neftçalada aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi barədə maarifləndirci görüş keçirilib
Neftçala rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda taxılçılıq, pambıqçılıq və akvakultura sahəsində qarşıya qoyulan hədəflər və aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi barədə maarifləndirci görüş keçirildi.
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, dəstəyi, Neftçala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Aqrar sahədə fermerlərə dövlət dəstəyinin göstərilməsi, qarşıya qoyulan hədəflər” mövzusunda keçirilən maarifləndirici görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit Şöbəsinin müdiri Tural Cavadlı, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin üzvü Ramin İsmayılov, “AqroServis” ASC-nin sədr müavini Rövşən Cəfərov, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, pambıqçılıq, taxılçılıq və akvakultura sahəsi üzrə ixtisaslaşmış fermerlər iştirak ediblər.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatında istehsal və ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı, əkinlər üzrə subsidiya əmsallarına edilən yeniliklər baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, dövlət tərəfindən təqdim edilən çoxşaxəli dəstək tədbirləri və yeni Dövlət Proqramının yaratdığı imkanlar Neftçala rayonunda kənd təsərrüfatının davamlı inkişafını təmin edəcəkdir.
Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit Şöbəsinin müdiri Tural Cavadlı çıxışında Dövlət Proqramının əsas məqsəd və hədəfləri barədə məlumat verərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, diferensial subsidiya siyasəti, müasir suvarma texnologiyalarının, rəqəmsal bacarıqların tətbiqinin kənd təsərrüfatının daha sürətli inkişafı üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb.“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin üzvü Ramin İsmayılov çıxışında bildirib ki, Dövlət Proqramı çərçivəsində aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi, eyni zamanda “Aqrar sığorta “ informasiya sisteminin funksional imkanlarının artırılması qarşıya məqsəd qoyulub
“AqroServis” ASC-nin sədr müavini Rövşən Cəfərov, dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların, o cümlədən Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, kənd təsərrüfatı texnikaları ilə təminata dövlət dəstəyi mexanizmlərin artırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğuladı.
Müzakirələrdə iştirak edən fermerlər kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin görülməsi aqrar istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, vahid əkin atında torpaq sahələrində ərzaqlıq buğda toxumunun əkilməsi, meliorasiya və irriqasiya işlərinin aparılması, sığorta olunmuş əkin sahələrində sığorta hadisəsinin vaxtında və dəqiq aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə fermerlərin təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.
Tədbirin davamı olaraq Neftçala rayonunun Boyat kəndi ərazisində pambıqçı fermer Abbasov İlqar Abas oğluna məxsus pambıq əkilmiş 3 hektar sahəyə baxış keçirildi. Sahə görüşündə fermerlərə pambıqçılığın inkişafına dair dövlət dəstəyi, əkinə hazırlıq prosesi, suvarmanın düzgün təşkili üçün torpaq sahələrinin lazer mala ilə hamarlanması, pambıq əkinlərində müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, su və torpaq resurslarının düzgün istifadə olunmasının məhsuldarlığa müsbət təsiri barədə ətraflı məlumat verildi.





































































