ADAU-da aqrar təhsil və sənaye əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycanda aqrar sektorun inkişafında uzun illər fəaliyyət göstərən sahibkar və menecer Ramazan Karaşahin və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov universitetdə son illər həyata keçirilən islahatlar, tədris və elmi-tədqiqat sahəsində əldə olunan nailiyyətlər, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də aqrar təhsilin müasir çağırışlara uyğun inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Rektor aqrar sektorun inkişafında təcrübəli sahibkarların və iş adamlarının ali təhsil müəssisələri ilə əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür görüşlərin gələcək birgə layihələrin formalaşmasına töhfə verəcəyini bildirib.
Ramazan Karaşahin isə səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycanın aqrar sahəsində son illər müşahidə olunan inkişafı yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədinin ADAU ilə yaxından tanış olmaq, aqrar təhsil və istehsalat arasında əməkdaşlıq imkanlarını müzakirə etmək, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olduğunu qeyd edib.
Görüşdə aqrar sahədə innovativ texnologiyaların tətbiqi, müasir kənd təsərrüfatı modelləri, tələbələrin istehsalat təcrübəsinin təşkili, elmi-tədqiqat layihələrinin dəstəklənməsi və kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin hazırlanması və aqrar sahədə bilik və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəlib.







































































