Kompüter oyunları uşaqların davranışlarına necə təsir edir? - Ekspert açıqladı
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunması birbaşa valideynlərin vəzifəsidir. Təəssüf ki, bir çox hallarda valideynlər bu məsələyə kifayət qədər diqqət ayırmırlar. Valideynlər övladlarına smartfon, planşet, noutbuk və digər rəqəmsal qurğular təqdim edərkən həmin cihazlarda mövcud olan valideyn nəzarəti funksiyalarından istifadə etməlidirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.
Ekspert bildirib ki, smartfon, planşet, noutbuk və digər rəqəmsal qurğular sayəsində uşaqların hansı məzmunlara çıxış əldə etdiyini izləmək, müəyyən resurslara girişi məhdudlaşdırmaq, eləcə də cihazlardan istifadə müddətini tənzimləmək mümkündür. Məsələn, gündəlik istifadə vaxtına limit qoymaq olar. Bütün bu imkanlar mövcuddur və tətbiqi çətin deyil.
Onun sözlərinə görə, bəzi ölkələrdə uşaqların rəqəmsal məkanda qorunması məqsədilə dövlət səviyyəsində əlavə mexanizmlər tətbiq olunur. Bu təcrübələrə əsasən, sosial şəbəkələrə və yaş məhdudiyyəti olan internet resurslarına giriş zamanı istifadəçinin yaşının təsdiqlənməsi tələb edilir.
“Bu proses müxtəlif üsullarla həyata keçirilə bilər. Məsələn, istifadəçi şəxsiyyətini təsdiq edən sənəd təqdim edir və ya süni intellekt texnologiyalarından istifadə olunaraq yaş müəyyənləşdirilir. Yaş təsdiqləndikdən sonra həmin istifadəçi üçün sistemdə uyğun giriş hüquqları formalaşdırılır. Bu təcrübənin müəyyən elementləri Azərbaycanda da tətbiq oluna bilər”, - deyə F.Kazımov vurğulayıb.
Ekspert qeyd edib ki, məsələ yalnız uşaqların zərərli məzmunlardan qorunması ilə məhdudlaşmır. Burada onların vaxtdan düzgün istifadəsi və rəqəmsal asılılığın qarşısının alınması da mühüm əhəmiyyət daşıyır.
“Uşaqların uzun müddət oyunlar və sosial şəbəkələrdə vaxt keçirməsi onların psixoloji durumuna, sosial münasibətlərinə və ümumi inkişafına təsir göstərə bilər. Buna görə də müəyyən rəqəmsal detoks tədbirlərinə və istifadə məhdudiyyətlərinə ehtiyac var”, – deyə Fərid Kazımov bildirib.
F.Kazımov kompüter oyunlarının təsirlərinin ayrıca araşdırılmasının vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi oyunlar zorakılıq elementlərini ön plana çıxarır və bu məqam uşaqların davranışlarına təsirsiz ötüşmür.
“Bu səbəbdən kompüter oyunlarının psixoloji təsirlərinin daha dərindən öyrənilməsinə ehtiyac var. Hesab edirəm ki, psixoloqların, xüsusilə uşaq psixoloqlarının iştirakı ilə belə oyunları təhlil edən xüsusi mexanizm yaradılması məqsədəuyğun ola bilər. Oyun istehsalçıları istifadəçiləri daha çox cəlb etmək üçün psixoloji üsullardan istifadə edirlər. Buna görə də uşaqların hansı oyunlarla təmasda olmasına daha ciddi yanaşılmalıdır”, – deyə ekspert əlavə edib.
Fərid Kazımov qeyd edib ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün valideyn nəzarəti, texnoloji həllər və maarifləndirmə tədbirləri paralel şəkildə həyata keçirilməlidir. Bu yanaşma həm internetdə təhlükəsizliyin artırılmasına, həm də uşaqların sağlam psixoloji inkişafına töhfə verə bilər.




































































