Transxəzər fiber-optik layihəsi üçün nəzərdə tutulan sualtı kabel "Azərbaycan" gəmi-bərəsi ilə Bakıya çatdırılıb
Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin (FOCL) tikintisi üzrə nəzərdə tutulan sualtı kabel AZCON Holding şirkətlərindən olan ASCO-nun “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakı limanına çatdırılıb.
İriqabaritli və ağırçəkili yük üç ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən ibarət avtokarvanla Kurık limanına gətirilərək ASCO-nun gəmi-bərəsinə yüklənib və Xəzər dənizi üzərindən təhlükəsiz şəkildə Bakıya daşınıb. Yük limana çatdırıldıqdan sonra uğurla boşaldılıb.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində ASCO yalnız daşımada deyil, həm də dəniz əməliyyatlarının icrasında tərəfdaş kimi çıxış edir. Daha əvvəl Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin dəniz marşrutu üzrə tədqiqat işlərində də ASCO-nun “Türkan” gəmisi iştirak edib. Həmin mərhələdə sahilyanı ərazilərin və dəniz dibinin araşdırılması işləri həyata keçirilib.






































































