Nobel Energy-nin törəmə şirkəti Audubon Shell-dən mühüm müqavilə qazanıb
Nobel Energy-nin törəmə şirkəti, mühəndislik, satınalma, tikinti (EPC), istehsal, istismar və texniki xidmət sahələrində fəaliyyət göstərən aparıcı xidmət təminatçısı Audubon Companies, Shell-in dənizdəki mövcud üst tikili (topsides) layihələri üzrə mühəndislik və satınalma xidmətləri təchizatçısı seçilib. Hər bir layihənin ümumi quraşdırma dəyəri 100 milyon ABŞ dollarına qədər nəzərdə tutulur.
Müqavilə Shell-in ABŞ-ın Meksika Körfəzində yerləşən bütün dərin sulu aktivlərini əhatə edir. Audubon enerji hasilatının artırılması və aktivlərin istismar müddətinin uzadılması məqsədilə, texniki xidmət və modernləşdirmə layihələrinə fokuslanacaq.
Bu əməkdaşlıq Nobel Energy qrupunun beynəlxalq enerji sektorunda həyata keçirdiyi inkişaf strategiyasının növbəti nəticəsidir. Bu layihə qrupun mühəndislik və texniki xidmət sahələrindəki güclü potensialını nümayiş etdirməklə yanaşı, Audubon-nun strateji bazarlardakı fəaliyyətinin genişləndirilməsi istiqamətində atılmış mühüm addım hesab olunur.
Nobel Energy-nin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Shell kimi dünyanın aparıcı enerji şirkətlərindən biri tərəfindən bu layihə üçün seçilməyimiz qrupumuzun mühəndislik və texniki xidmət sahələrindəki peşəkarlığının, etibarlılığının və beynəlxalq təcrübəsinin göstəricisidir. Bu əməkdaşlıq Nobel Energy qrupunun qlobal enerji bazarlarındakı mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməklə yanaşı, gələcək inkişaf və yeni tərəfdaşlıq imkanları üçün mühüm zəmin yaradır.”






































































