“Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib

Hit: 166
“Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası məqsədi ilə Tovuz rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib.
 
“Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularına həsr olunmuş təlimlərdə Uşaq Səfirlər Məclisinin Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonları üzrə nümayəndələri iştirak ediblər.
 
Tədbirlərdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova layihə çərçivəsində keçiriləntəlimlərin məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təlimlərin məqsədi uşaqlarda internetdən təhlükəsiz istifadə, məlumatların qorunması vərdişlərini formalaşdırmaq, iştirakçılıq və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir.
 
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun baş məsləhətçisi Gülnar Şükürlü layihənin uşaqlar arasında ünsiyyətin və təcrübə mübadiləsinin inkişafına əlverişli şərait yaratdığını,istedadlı şagirdlərin aşkar olunmasına, onların potensialının inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirib.
 
Təlimlər çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri Mələk Niftəliyeva və Tanər Əsgərzadə uşaqların hüquqları, onların müdafiəsi mexanizmləri, uşaq iştirakçılığı, eləcə də məclisin fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər.
 
“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov isə internetdən təhlükəsiz istifadə və fərdi məlumatların qorunması ilə bağlı iştirakçıları məlumatlandırıb.
 
Təlimlər interaktiv fəaliyyətlər və intellektual oyunla davam edib, iştirakçılar komandalar şəklində biliklərini nümayiş etdiriblər. Sonda qalib komandaya simvolik hədiyyə təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif ediliblər.






Redaktorun seçimi