Yeddi ölkədən olan tələbələr ADAU-nun imkanlarını kəşf edib
Bakı Ali Neft Məktəbinin (BANM) əcnəbi tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
Səfərdə BANM-də təhsil alan, dünyanın yeddi ölkəsini – Özbəkistan, Somali, Hindistan, Pakistan, Tanzaniya, Banqladeş və Sudanı təmsil edən 15 əcnəbi tələbə iştirak edib.
Tanışlıq proqramının ilk mərhələsində nümayəndə heyəti Gəncə Memorial Kompleksini və İmamzadə Ziyarətgahını ziyarət edib. Qonaqlara bildirilib ki, Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsini əbədiləşdirmək, eyni zamanda müharibənin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Daha sonra əcnəbi tələbələr Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, tədris mühiti və elmi-tədqiqat imkanları ilə yaxından tanış olublar. Qonaqlar universitetin onlayn televiziyası olan ADAU TV-nin müasir studiyasını, tələbələrin innovativ təşəbbüslərinin dəstəkləndiyi İnnovasiya Mərkəzini, eləcə də müasir laboratoriyaları ziyarət ediblər.
Nümayəndə heyətinin üzvləri ADAU-da yaradılan müasir tədris və elmi infrastrukturun onlarda böyük təəssürat yaratdığını bildiriblər.
Səfərin sonunda əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə prosesinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.






































































