PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı!
PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla yekunlaşdı. Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457 müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt sahəsində nəzəri və praktiki biliklər əldə edib.
Təlim müddətində iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı qazanıblar.
PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib.


































































