AQTA-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova insan hüquqlarının qorunmasının dövlət idarəçiliyində və ictimai münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq tədqiqatçısı Araz Abdullasoy çıxış edərək, Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və formalaşdırılmış hüquqi baza barədə danışıb. O, çıxışında qida təhlükəsizliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, təhlükəsiz və keyfiyyətli qida ilə təminatın insanların fundamental hüquqlarından biri hesab edildiyini qeyd edib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 2231 nömrəli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu tarix ölkədə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha ön plana çıxarır.
Görüşdə Hüquq və İnsan Haqları İnstitutu ilə AQTA arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Debat zamanı idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, istehlakçı hüquqlarının müdafiəsi, əhalinin sağlamlığının və genefondunun mühafizəsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər insan hüquqlarının qorunmasına xidmət edən vacib mexanizmlərdən biridir.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və insan hüquqlarının təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.







































































