PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
10 iyun tarixində keçirilən tədbirin əsas məqsədi şirkətlərin maliyyə dayanıqlığının artırılması, pul vəsaitlərinin daha səmərəli idarə olunması və bazar risklərinin azaldılması üçün istifadə olunan müasir maliyyə alətləri barədə praktiki biliklərin paylaşılması olub. Tədbirdə hedcinq alətlərinin biznes proseslərində tətbiqi üzrə praktiki yanaşmalar nümayiş etdirilib. İştirakçılar valyuta, faiz dərəcəsi və əmtəə qiymətləri risklərinin idarə olunması ilə bağlı real bazar nümunələrini nəzərdən keçirib və müxtəlif ssenarilər üzrə risklərin minimallaşdırılması yollarını müzakirə ediblər.
Tədbirdə spiker qismində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov, PAŞA Holding-in Qrup üzrə baş iqtisadçısı Elman Eminov, PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyev, Küveytin “Burgan Bank” A.Ş.-nin Kapital Bazarları bölməsinin rəhbəri Bilge Gönen, PAŞA Bankın Xəzinədarlıq satışları şöbəsinin rəhbəri Ramil Əlləzov və şöbənin baş mütəxəssisi Könül İsmayılova çıxış ediblər.
Tədbir geniş sual-cavab sessiyası ilə başa çatıb. Sessiya çərçivəsində şirkətlərin üzləşdiyi konkret risklər, törəmə maliyyə alətlərinin tətbiqi mexanizmləri və bazar trendlərinin biznes qərarlarına təsiri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar həm beynəlxalq təcrübə, həm də yerli bazarın xüsusiyyətləri ilə bağlı suallarını ünvanlandıraraq praktiki tövsiyələr əldə ediblər.







































































