"FRUİT FOR AZ" MMC-nin meyvə bağına baxış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda fəaliyyət göstərən "FRUİT FOR AZ" MMC-nin Qaradağlı kəndində salınmış meyvə bağında olub.
Rayon rəhbəri müəssisənin təsisçisi Arif Orucovla birlikdə fəaliyyət göstərən intensiv meyvə bağlarına baxış keçirib, gələcəkdə görüləcək işlər və istehsal potensialının genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparıb.
Baxış zamanı məlumat verilib ki, müasir standartlara uyğun qurulan "FRUİT FOR AZ" MMC-nin ümumi əkin sahəsi 38 hektardır. Bu sahənin 18 hektarında xurma bağı salınmışdır. Növbəti ildə isə 20 hektarda yeni xurma bağının salınması nəzərdə tutulub. Ümumilikdə, bağların salınmasına 1,5 milyon manat vəsait sərf ediləcək. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 4 nəfər daimi, mövsüm zamanı isə 30 nəfər yerli sakin işlə təmin olunur.
Müəssisədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması məqsədilə müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün 0,5 hektar sahədə tutumu 25 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.
Görüş zamanı rayon rəhbərinə o da bildirilib ki, "FRUİT FOR AZ" MMC-nin meyvə bağları iqlim risklərindən qorunmaq məqsədilə Aqrar Sığorta Fondu vasitəsilə
sığortalanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar intensiv bağçılığın genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvə məhsullarının çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.
Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpaq mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, rayon ərazisində 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı isə ənənəvi bağlardır. Bağların 49 hektarı isə yeni salınmışdır. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixracat yönümlü xurma bağlarıdır.
Sonda müəssisənin təsisçisi Arif Orucov sahibkarlığın, xüsusilə kənd təsərrüfatının inkişafına göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.




































































