“Mastercard” “Cyber Pulse” hesabatını nəşr edib
“Mastercard” şirkəti Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunda ötən il ərzində kibertəhdidlərin dinamikasının müfəssəl icmalını əks etdirən ilk “Cyber Pulse” hesabatını nəşr edib.
Hesabat regional təhdidlər haqqında “Mastercard”ın “Cyber Insights” platformasından əldə olunan məlumatları və şirkətlərə internetə qoşulmuş aktivlərinin təhlükəsizliyini qiymətləndirməyə imkan verən “RiskRecon” aləti vasitəsilə həyata keçirilmiş təşkilatların kibertəhlükəsizlik qiymətləndirməsinin nəticələrini birləşdirir. Bura həmçinin 2024-cü ilin dekabrında “Mastercard” tərəfindən satın alınmış, yaranan kibertəhdidləri və risk modellərini müəyyən etmək üçün məlumatları davamlı olaraq təhlil edən “Recorded Future” şirkətindən əldə edilən mürəkkəb təhdidlər haqqında məlumatlar da daxildir.
Təhdidlərin artmaqda olan aktivliyinin, eləcə də onların biznes və hökumətlərə praktiki təsirinin icmalı sayəsində hesabat kiberriskləri əməliyyat dayanıqlığı, iqtisadi davamlılıq və rəqəmsal iqtisadiyyata uzunmüddətli etimad üçün əhəmiyyət kəsb edən analitik biliklərə çevirir.
Qlobal araşdırmalar kiberrisklərin regionumuzdakı biznes müəssisələrini nə dərəcədə ciddi təhdid etdiyini göstərir. IBM şirkətinin 2025-ci il üzrə məlumat sızmalarının səbəb olduğu xərclər haqqında hesabatı göstərir ki, Yaxın Şərqdə məlumat sızmalarının orta dəyəri hər hadisə üçün təxminən 7,29 milyon ABŞ dolları təşkil edir ki, bu, dünya üzrə orta göstəricidən 64% yüksəkdir. Bu, kiberdayanıqlığın niyə rəhbərlik və idarə heyəti səviyyəsində ciddi narahatlıq doğuran məsələ olduğunu bir daha təsdiqləyir.
Araşdırmalar göstərir ki, geosiyasi qeyri-sabitlik fonunda 2026-cı ilin əvvəllərində regionda kibercinayətkarlıq artıb. Bu da təşkilatların adi məlumatlandırma səviyyəsini aşaraq dayanıqlı kiberhazırlıq və kiberdayanıqlığa keçid etməsinin zəruriliyini göstərir. Hesabatda həmçinin regionda kibercinayətlərin 71%-nin maliyyə xarakterli və sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərin payına düşdüyü qeyd olunur ki, bu da bütün sektorlarda kiberhazırlıq səviyyəsinin yüksəldilməsinə ehtiyac olduğunu bir daha təsdiq edir.
“Kiberdayanıqlıq biznes dayanıqlığının və sabit əməliyyat fəaliyyətinin sinonimidir. İlk “Cyber Pulse” hesabatımız təşkilatların sayıq olmaqla yanaşı, həm də kibertəhlükəsizliyə proaktiv və inteqrasiya olunmuş yanaşma tətbiq etməsinin vacibliyini vurğulayır. “Mastercard” olaraq biz tərəfdaşlarımıza və müştərilərimizə mürəkkəb kibermühitdə hərəkət etmək, rəqəmsal aktivlərini qorumaq və rəqəmsal iqtisadiyyatın bütün iştirakçıları üçün daha təhlükəsiz rəqəmsal gələcək qurmaq naminə lazım olan analitik biliklər, alətlər və təcrübə təqdim edilməsi işinə sadiqik”, - “Mastercard”ın EEMEA regionunda xidmətlər üzrə icraçı vitse-prezidenti Selin Bahadırlı bildirib.
Bankların, fintex şirkətlərin, ticarətçilərin və istehlakçıların getdikcə daha çox rəqəmsal ödəniş alətlərinə, elektron ticarətə və verilənlərə əsaslanan xidmətlərə etibar etdiyi Azərbaycan üçün kibertəhlükəsizlik məsələsi birbaşa rəqəmsal iqtisadiyyatın gələcək inkişafı ilə bağlıdır. Getdikcə daha çox xidmət onlayn mühitə keçdikcə, təşkilatlar böyümənin təhlükəsiz infrastruktur, etibarlı əməliyyatlar və güclü müştəri etibarı ilə dəstəklənməsini təmin etməlidirlər.
Biznes sistemləri əsas hədəflərdir
“Mastercard”ın “Cyber Pulse” hesabatı göstərir ki, kiberhədəflərin 66%-i biznes sistemlərinin, müştəri məlumatlarının və kritik infrastrukturun payına düşür. Cinayətkarların əksəriyyəti müəssisələrin fəaliyyətini pozmağı, fırıldaqçılıq etməyi və maddi zərər vurmağı hədəfləyir. Müəyyən sektorların kiberhücumlara məruz qalma riski isə daha yüksəkdir. Məsələn, EEMEA regionunda kiberhücumlara məruz qalan sahələrin 44%-i dövlət, texnologiya və maliyyə sektorlarının payına düşür. Bu sektorlar yüksək dəyərə malik məlumatların cəmləşməsi, həmçinin bu məlumatların iqtisadi və rəqəmsal ekosistemlərdəki əhəmiyyəti baxımından cəlbedici hədəflərdir.
Kiberrisklər çox vaxt təkrarlanan sxemlər vasitəsilə genişlənir
Zərərli proqram təminatı, fidyə proqramları (ransomware) və e-poçt vasitəsilə sosial mühəndislik hücumları kimi ümumi hücum üsulları EEMEA regionunda üstünlük təşkil etməkdə davam edir. Bəzi bazarlarda kibertəhlükəsizliyin baza səviyyəsi nisbətən yüksək olaraq qalmaqda davam etsə də, tətbiqlərin təhlükəsizliyi və veb-şifrələmə daim təkmilləşdirilməli olan sahələr kimi ortaya çıxır. Bu vəziyyəti aradan qaldırmağa kömək etmək üçün hesabatda biznes müəssisələri üçün xüsusi tövsiyələr, o cümlədən tətbiqlərin təhlükəsizliyinin və zəifliklərin idarə edilməsinin yaxşılaşdırılmasına dair tövsiyələr yer alır.
Təşkilatlar üçün mövcud olan kibertəhlükəsizlik imkanları
Kiberdayanıqlıq təkcə böyük qurumlar üçün deyil, həm də rəqəmsal iqtisadiyyata təhlükəsiz və etibarlı çıxışdan asılı olan milyonlarla mikro, kiçik və orta sahibkarlıq müəssisələri üçün əhəmiyyət daşıyır. Buna görə də kiberdayanıqlığın gücləndirilməsi dayanıqlı inkişafın, inklüzivliyin və uzunmüddətli iqtisadi fəaliyyətin ən mühüm amilidir.
Qlobal miqyasda “Mastercard” artıq 50 milyon mikro, kiçik və orta sahibkarlıq müəssisəsini rəqəmsal iqtisadiyyata cəlb etmək məqsədini aşmağa nail olub. İndi isə qarşıda 2030-cu ilədək 500 milyon fiziki şəxs və kiçik biznesin rəqəmsal texnologiyalara çıxışını təmin etmək kimi ciddi bir hədəf durur ki, bu da, inklüziv və dayanıqlı inkişafa uzunmüddətli öhdəliyimizi daha da möhkəmləndirir.
Bu öhdəliyin əsasında etimadın möhkəmləndirilməsi və təhlükəsizliyə davamlı investisiyalar dayanır. 2019-cu ildən indiyədək “Mastercard” kibertəhlükəsizlik sahəsində innovasiyalara təxminən 12,6 milyard dollar investisiya yatırıb. Təkcə 2025-ci ildə şirkət zəiflikləri daha sürətli və daha dəqiq aşkar etmək üçün özünün bilik və qabaqcıl data emalı metodlarından istifadə etməklə 175 milyard əməliyyat emal edib ki, bununla da bütün ekosistemin müdafiəsini gücləndirməyə nail olub.
Şirkət buna kibertəhlükəsizlik sahəsində kompleks məsləhət xidmətləri, qlobal tərəfdaşlıqlar və analitikaya əsaslanan imkanları sayəsində nail olub. Bura həmçinin kibertəhdidlər haqqında real zaman rejimində məlumatlar təqdim edən, bununla da biznes müəssisələrinə və hökumətlərə yaranan riskləri daha erkən müəyyən etməyə, cavab tədbirlərini prioritetləşdirməyə və getdikcə mürəkkəbləşən rəqəmsal mühitdə daha məlumatlı qərarlar qəbul etməyə imkan verən “Recorded Future” şirkəti də daxildir.
“RiskRecon”, “CyberQuant” və “Cyber Insights” kimi məhsulları sayəsində “Mastercard” təşkilatlara kibertəhdid riskini qiymətləndirmək, təhdidlərin necə inkişaf edə biləcəyini anlamaq və analitik bilikləri etimadı, davamlılığı və dayanıqlığı gücləndirən praktik tədbirlərə çevirmək imkanı yaradır.
“Mastercard”ın “Cyber Pulse” hesabatının tam versiyası ilə buradan tanış ola bilərsiniz: https://www.mastercard.com/global/en/news-and-trends/Insights/2026/mastercard-cyber-pulse-report-2026.html
“Mastercard” haqqında
“Mastercard” dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatın inkişafına və insanların imkanlarının genişləndirilməsinə töhfə verir. Müştərilərimizlə birlikdə biz hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşidli rəqəmsal ödəniş seçimlərini dəstəkləməklə əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, bizneslərə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa imkan verən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
Diskleymer:
Bu hesabat “Mastercard” tərəfindən yalnız məlumat məqsədilə təqdim edilir və açıq məlumatlara əsaslanır. “Mastercard” şirkəti bu hesabatda yer alan məlumatların dəqiqliyi, tamlığı və ya uyğunluğu ilə bağlı heç bir təminat və ya zəmanət vermir.
Kibertəhdid yaradan subyektlərin və ya qrupların xatırlanması yalnız açıq məlumatlara əsaslanır və “Mastercard” tərəfindən müstəqil atribusiya kimi şərh edilməməlidir. Bu hesabat hüquqi, normativ, komplayens-tövsiyə və ya atribusiya sənədi deyil və sanksiyalar, “qara siyahı”ya salma, məcburi icra qərarları və ya hər hansı digər dövlət və ya kommersiya qərarları kimi tədbirlər üçün əsas kimi istifadə edilməməlidir.
“Mastercard” bu hesabatda yer alan məlumatların hər hansı istifadəsi və ya sui-istifadəsinin yaratdığı məsuliyyətdən qanunla icazə verilən maksimum səviyyədə imtina edir.
Bu hesabatın məzmununa dair bütün hüquqlar, mülkiyyət hüququ və maraqlar “Mastercard”ın və/və ya onun filiallarının müstəsna mülkiyyətində qalır. Bu hesabatın heç bir hissəsi “Mastercard”ın icazəsi olmadan və tətbiq olunan qanunlara uyğun olmadan istifadə edilə, çoxaldıla, yayıla və ya nəşr edilə bilməz.




































































