Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahədə dövlət dəstəyi və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi”, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əvvəlki fərmanlarda dəyişikliklər edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, aparılan yeni islahatlar aqrar sahədə dövlət dəstəyinin daha çevik, ünvanlı və nəticəyönümlü mexanizm əsasında qurulmasına xidmət edir. Onun sözlərinə görə, dəyişikliklərin əsas mahiyyəti fermerlərin istehsal prosesində qarşılaşdığı ilkin maliyyə yükünün azaldılması, kənd təsərrüfatı məhsullarının istehsal və tədarük zəncirinin stimullaşdırılması, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərində rəqəmsal nəzarətin gücləndirilməsi ilə bağlıdır.
Ə.Dadaşov qeyd edib ki, bu Fərmanla kənd təsərrüfatına dövlət dəstəyi yalnız ənənəvi əkinçilik və heyvandarlıq istiqamətlərini deyil, aqrar sektorun daha geniş dəyər zəncirini əhatə edir. Bu baxımdan balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqların güzəştli maliyyələşdirilən kənd təsərrüfatı istehsal vasitələri sırasına daxil edilməsi mühüm yenilikdir. Bu dəyişiklik balıqçılıq və süni balıq yetişdirilməsi sahəsində investisiya fəallığını artıra, müasir texnologiyaların tətbiqini sürətləndirə və daxili bazarın yerli balıq məhsulları ilə təminatına əlavə imkan yarada bilər.
Ə.Dadaşov bildirib ki, Fərmanın mühüm istiqamətlərindən biri də bağçılıq subsidiyasının ayrıca mexanizm kimi müəyyənləşdirilməsidir. Yeni mexanizmə əsasən, çoxillik əkmələrin salındığı ilk ildə fermerlərin ting alınması, torpağın aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, müasir suvarma sistemlərinin qurulması və fitopatoloji analizlərlə bağlı xərclərinin bir hissəsinin kompensasiyası nəzərdə tutulur.
Onun sözlərinə görə, Fərmanda fermerlərin subsidiyanın bir hissəsini əvvəlcədən almasını nəzərdə tutan avans mexanizminin müəyyənləşdirilməsi də mühüm praktiki əhəmiyyət daşıyır. Əkin və bağçılıq subsidiyalarının 60 faizdən çox olmayan hissəsinin əvvəlcədən ödənilməsi fermerlərin mövsümi istehsal xərclərini daha vaxtında qarşılamağa imkan verəcək. Bu yanaşma fermerlərin toxum, ting, gübrə, aqrotexniki xidmət və suvarma kimi ilkin xərclərə çıxışını asanlaşdırmaqla yanaşı, subsidiya vəsaitlərinin mərhələli və nəzarətli istifadəsinə də şərait yaradacaq.
Həmçinin bu Fərmanda heyvandarlıq sahəsində də dəstək alətləri genişləndirilib. Heyvanların saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsinin kompensasiyası üçün heyvan subsidiyası, eləcə də tədarükçülərə təhvil verilən heyvan mənşəli məhsul və ya xammalın miqdarına görə heyvandarlıq sahəsində məhsul subsidiyası nəzərdə tutulub.
Ə.Dadaşov bildirib ki, Fərmanda beynəlxalq sertifikatlaşdırma ilə bağlı xərclərin bir hissəsinin kompensasiya edilməsi də aqrar məhsulların ixrac potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sertifikatlaşdırma subsidiyası fermerlərin bitkiçilik və heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təşviq edəcək. Bu isə yerli məhsulların daha yüksək tələblərə malik xarici bazarlara çıxışını asanlaşdıra, keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqini genişləndirə bilər.
Bunlardan əlavə, Fərmanın digər mühüm tərəfi dövlət dəstəyi mexanizmlərində nəzarət və şəffaflığın gücləndirilməsi ilə bağlıdır. Güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməməsi dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsini təmin etməyə yönəlib. Həmin texnika barədə məlumatların “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə real vaxt rejimində Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürülməsi isə rəqəmsal nəzarət imkanlarını genişləndirəcək.
Qeyd edək ki, Fərman dövlət dəstəyinin istehsal prosesinin ayrı-ayrı mərhələləri ilə məhdudlaşmayaraq torpağın hazırlanması, istehsal vasitələrinin əldə edilməsi, məhsul istehsalı, tədarük, sertifikatlaşdırma və xarici bazarlara çıxış mərhələlərini əhatə edən daha kompleks aqrar dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək.




































































