Qadın hüquqlarına həsr olunmuş maarifləndirici görüş keçirilib

Hit: 166
Qadın hüquqlarına həsr olunmuş maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may- 18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 8 iyun 2026-cı il tarixdə V.Soltanov adına Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbində “Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” mövzusunda maarifləndirici görüş keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, psixoloqlar, valideynlər iştirak ediblər.
 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Görüşdə çıxış edən natiqlər ölkəmizdə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün yaradılan geniş imkanlardan bəhs ediblər. Vurğulanıb ki, qadın hüquqlarının müdafiəsi və onlara qarşı hər hansı ayrı-seçkiliyin, o cümlədən məişət zorakılığının qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
 
Tədbirdə gənc nəslin, xüsusilə azyaşlı və yeniyetmə qızların təhsildən kənarda qalmaması, erkən nikahların fəsadları və qadınların hüquqi savadlılığının artırılmasının vacibliyi xüsusi qeyd olunub. Bildirilib ki, cəmiyyətdə qadına qarşı hörmət və bərabərlik prinsiplərinin möhkəmləndirilməsində ailə və məktəb mühitinin rolu danılmazdır. Bu məqsədlə regional səviyyədə aparılan ardıcıl maarifləndirmə işlərinin mütəmadi xarakter daşıdığı diqqətə çatdırılıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həm yerli, həm də beynəlxalq səviyyədə bir çox sahələrlə yanaşı qadın hüquqlarının  təminatı məsələlərinə də yüksək diqqəti, milli dəyərlərimizin geniş dünya ictimaiyyətinə çatdırılması sahəsində  gördüyü işlər əvəzsizdir.
 
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi