Rəqəmsal transformasiyaya dəstək: - İKTA ilə ICANN əməkdaşlığı rəsmiləşdi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (ICANN) arasında internet idarəçiliyi, potensialın gücləndirilməsi, rəqəmsal ekosistemin inkişafı, internetin təhlükəsizliyi və sabitliyi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Sənəd “ICANN”ın İspaniyanın Sevilya şəhərində keçirilən və qlobal internetin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu 86-cı Siyasət Forumunda imzalanıb. Anlaşma Memorandumu telekommunikasiya və poçt xidmətləri sahəsində Azərbaycanın milli tənzimləyici qurumu olan İKTA ilə internetin unikal identifikator sistemlərinin, o cümlədən domen adları və IP ünvan resurslarının koordinasiyasına cavabdeh qlobal təşkilat olan “ICANN” arasında əməkdaşlıq çərçivəsini müəyyən edir.
Tərəflər qarşılıqlı maraq doğuran aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
Domen Adları Sistemi (DNS) və internet idarəçiliyi sahələrində təhsil və potensialın gücləndirilməsi proqramlarının hazırlanması və həyata keçirilməsi;
“ICANN”ın qlobal siyasət formalaşdırılması proseslərində maraqlı tərəflərin iştirakının təşviq edilməsi;
Azərbaycanda dövlət qurumlarını, akademik dairələri, özəl sektoru və texniki icmaları əhatə edən maarifləndirmə və ictimai iştirakçılıq təşəbbüslərinin dəstəklənməsi;
İnternetin təhlükəsizliyi, sabitliyi və dayanıqlılığı sahələrində birgə təlim proqramlarının, seminarların və maarifləndirici tədbirlərin təşkili;
Yerli dillər və əlifbalardan istifadə edən domen adları və elektron poçt ünvanları da daxil olmaqla bütün internet identifikatorlarının rəqəmsal platformalar və proqram təminatları üzərində düzgün və vahid şəkildə işləməsini təmin edən “Universal Acceptance (Universal qəbul)” prinsiplərinin təşviqi;
İnternetlə bağlı siyasətlər, tənzimləmə yanaşmaları və inkişaf meyilləri üzrə məxfi olmayan məlumatların və qabaqcıl təcrübələrin mübadiləsi.
Əməkdaşlıq yerli ekspertlərin potensialının artırılması, Azərbaycanın maraqlı tərəflərinin beynəlxalq internet idarəçiliyi təşəbbüslərində iştirak imkanlarının genişləndirilməsi və ölkənin rəqəmsal transformasiya gündəliyinin uğurla həyata keçirilməsinə töhfə verəcək.
Memorandum, həmçinin hökumətləri, texniki icmaları, akademik qurumları, biznes sektorunu və vətəndaş cəmiyyətini internetin gələcəyi ilə bağlı məsələlərin həllində bir araya gətirən çoxtərəfli iştirakçılıq modelinin əhəmiyyətini bir daha vurğulayır.
İKTA və “ICANN” internet ekosisteminin Azərbaycanda və qlobal miqyasda davamlı inkişafını dəstəkləmək məqsədilə əməkdaşlıq, bilik mübadiləsi və institusional potensialın gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirmək niyyətindədir.







































































