“Azərbaycan Hava Yolları” QSC-də əməyin mühafizəsi üzrə təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Azərbaycan Hava Yolları” QSC-də əməyin mühafizəsinə dair təlim təşkil olunub.
Təlimin keçirilməsində məqsəd istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, peşə risklərinin qiymətləndirilməsi və iş yerlərində təhlükəsiz davranış qaydalarına əməl olunmasının təşviq edilməsi olub.
Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin müxtəlif struktur bölmələrindən 50-dən çox əməkdaş iştirak edib. Təlim zamanı iş yerlərində mövcud risklərin müəyyənləşdirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, nəqliyyat hərəkəti olan ərazilərdə təhlükəsiz iş qaydaları, sürüşmə və yıxılma hallarının qarşısının alınması, fərdi mühafizə vasitələrindən düzgün istifadə və iş vaxtı rejiminə riayət olunması ilə bağlı məlumat verilib.
Bununla yanaşı, təlim çərçivəsində “Vision Zero” konsepsiyasının təhlükəsizlik, sağlamlıq və rifah sütunları barədə məlumat verilərək, iş yerlərində risklərin qarşısının alınması, sağlam əmək şəraitinin təmin olunması və işçilərin rifahının yüksəldilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı praktiki tövsiyələr təqdim edilib, eyni zamanda müəssisəyə yeni qəbul olunan işçilər üçün keçirilən əməyin mühafizəsi üzrə təlimatlandırma prosesi müşahidə olunub və bu istiqamətdə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlər iş yerlərində profilaktik yanaşmanın gücləndirilməsinə, əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına və istehsalatda bədbəxt hadisələrin minimuma endirilməsinə xidmət edir.









































































