ADNSU və Balaxanı Oil arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Balaxanı Oil şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, neft-qaz sektorunun tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin təşkili və yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
ADNSU rəhbərliyi universitetdə həyata keçirilən təhsil proqramları, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələr, eləcə də sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Balaxanı Oil şirkətinin nümayəndələri isə şirkətin fəaliyyət istiqamətləri, insan kapitalının inkişafına verdiyi önəm və gələcək əməkdaşlıq imkanları barədə danışıb.
Görüş zamanı tələbələrin istehsalat təcrübələrinin təşkili, ixtisasartırma və peşəkar inkişaf proqramlarının həyata keçirilməsi, mütəxəssislərin tədris prosesinə cəlb olunması, birgə seminar və təlimlərin təşkili, həmçinin digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tərəflər universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin həm tələbələrin peşəkar inkişafına, həm də əmək bazarının tələblərinə cavab verən kadr hazırlığına mühüm töhfə verdiyini vurğulayaraq, gələcək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.









































































