Bakı Gəmiqayırma Zavodu beynəlxalq sifarişlər hesabına qlobal rəqabət qabiliyyətini gücləndirir
Azərbaycan son illərdə Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilərək beynəlxalq yükdaşımalar zəncirində strateji mövqeyini daha da möhkəmləndirir. Bu prosesdə dəniz nəqliyyatı və gəmiqayırma sənayesi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsinin ən iri sənaye müəssisələrindən biri olan Bakı Gəmiqayırma Zavodu həm ölkənin dəniz donanmasının yenilənməsində, həm də beynəlxalq sifarişlərin icrası hesabına Azərbaycanın sənaye və ixrac potensialının genişlənməsində mühüm rol oynayır.
AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbov AzTV-yə Bakı Gəmiqayırma Zavodunun mövcud fəaliyyəti, beynəlxalq sifarişləri, yeni layihələri və qarşıdakı inkişaf perspektivləri barədə müsahibə veriblər.
Müsahibədə bildirilib ki, ölkə rəhbərliyinin nəqliyyat-logistika və sənaye sahələrində həyata keçirdiyi uzaqgörən siyasətin mühüm nəticələrindən biri olan Bakı Gəmiqayırma Zavodunun təməli 2011-ci ildə qoyulub. Zavod hazırda Xəzər regionunun ən müasir gəmiqayırma və gəmi təmiri müəssisələrindən birinə çevrilib.
AZCON Holding-in idarəetməsinə keçiddən sonra zavod fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrdə əməliyyat səmərəliliyinin artırılması, istehsal proseslərinin optimallaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və resurslardan daha effektiv istifadə istiqamətində həyata keçirilən tədbirlər müəssisənin istehsal potensialının genişlənməsinə, məhsuldarlığın yüksəlməsinə və sifariş portfelinin əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb.
Bu gün Bakı Gəmiqayırma Zavodu həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi tanınan, yüksək rəqabət qabiliyyətinə malik müasir sənaye müəssisəsidir. Əldə olunan nəticələr Azərbaycanın nəqliyyat, logistika və sənaye sektorlarının inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin, eləcə də son illərdə həyata keçirilən institusional islahatların uğurlu nəticəsidir.
Eyni zamanda yenicə təməli qoyulan, hər biri 780 TEU tutumuna malik konteyner gəmilərinin tikintisi Azərbaycanın nəqliyyat-logistika potensialının daha da gücləndirilməsinə və ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək








































































