“Vətəndaşların keyfiyyətli təhsil hüququnun beynəlxalq və milli aspektləri”
Bakı Mühəndislik Universitetində Dövlət və bələdiyyə idarəetməsi kafedrasının təşkilatçılığı ilə “Vətəndaşların keyfiyyətli təhsil hüququnun beynəlxalq və milli aspektləri” mövzusunda seminar keçirilib.
İnsan Hüquqları üzrə Müvəkkilin hər il 18 may-18 iyun tarixlərində elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirdə təhsil hüququnun insan hüquqlarının mühüm tərkib hissəsi kimi əhəmiyyəti, beynəlxalq və milli qanunvericilikdə əks olunması, eləcə də dövlətin təhsil siyasəti istiqamətində həyata keçirdiyi tədbirlər müzakirə edilib.
Seminarı giriş sözü ilə açan Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri Xanlar Heydərov ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan ardıcıl islahatlardan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın bu sahədə mühüm hüquqi və institusional baza formalaşdırdığını vurğulayıb. Həmçinin Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis edilməsinin insan hüquqlarının təşviqi və müdafiəsinə yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Kafedra müdiri ölkədə keyfiyyətli təhsilin təmin olunması, təhsilin əlçatanlığının genişləndirilməsi və müasir təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Sonra kafedranın baş müəllimi Nüsrət Quliyev insan hüquqlarının beynəlxalq hüquqi bazasında təhsil hüququnun yerinə dair təqdimatla çıxış edib. O, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş əsas beynəlxalq insan hüquqları sənədlərində təhsil hüququnun fundamental hüquqlardan biri kimi təsbit olunduğunu bildirib. Məruzəçi dövlətlərin bu sahədə üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərdən, təhsil hüququnun həyata keçirilməsinin əsas prinsiplərindən və müasir dövrdə mövcud çağırışlardan danışıb. Eyni zamanda, BMT sistemində təhsil hüququnun monitorinqi və hesabatlılıq mexanizmlərinə toxunaraq, inklüziv təhsil, ömürboyu öyrənmə və rəqəmsal transformasiya kimi müasir yanaşmaların əhəmiyyətini vurğulayıb.
BMU-nun baş hüquqşünası Qürbət Məmmədov isə “Azərbaycanda insan hüquq və azadlıqları çərçivəsində təhsil hüququnun təminatı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, beynəlxalq öhdəliklər əsasında milli qanunvericiliyin formalaşdırılması, təhsil hüququnun Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda geniş şəkildə təsbit olunması barədə məlumat verib. Məruzəçi dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən bəhs edərək, həyata keçirilən islahatların və qəbul olunan dövlət proqramlarının vətəndaşların təhsil hüququnun təminatının daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








































































