Alman-Azərbaycan Şəbəkələşmə Görüşü Bakı Enerji Həftəsində əməkdaşlıq imkanlarını ön plana çıxardı
Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) Bakı Enerji Həftəsi 2026 çərçivəsində Alman-Azərbaycan Şəbəkələşmə Görüşü təşkil etdi. Tədbir Alman Pavilyonunda iştirak edən şirkətləri, dövlət qurumlarının nümayəndələrini, enerji sahəsinin ekspertlərini, investorları və biznes təmsilçilərini bir araya gətirdi. Görüşdə əsas diqqət yaşıl enerji, enerji keçidi və davamlı inkişaf istiqamətlərində yeni əməkdaşlıq imkanlarına yönəldi.
Tədbiri AHK Azərbaycanın İcraçı Direktoru və İcra Şurasının üzvü Nargis Viek açıq elan etdi.
Proqramın əsas çıxışlarından birini Azərbaycan Energetika Tənzimləyici Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov etdi. O, Azərbaycanın bərpa olunan enerji sahəsindəki prioritetləri, həyata keçirilən tənzimləyici yeniliklər və enerji sektorunun şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Samir Axundov həmçinin Alman şirkətləri və digər beynəlxalq investorlar üçün ölkənin enerji keçidində iştirak etmək baxımından yaranan yeni imkanlardan danışdı.
Enerji keçidinin biznes və sənaye baxımından yaratdığı perspektivlərə isə Turgut Baş toxundu. O, bu sahədə baş verən əsas dəyişikliklərdən və region ölkələri arasında əməkdaşlığın dayanıqlı enerji həllərinin inkişafı üçün vacibliyindən bəhs etdi.
Tədbirdə çıxış edən Maksim Zubov isə yeni formalaşan enerji dəhlizlərinin enerji təhlükəsizliyi və etibarlı enerji təchizatındakı rolunu vurğuladı. O, gələcəyin enerji sistemlərinin qurulmasında infrastrukturun və innovativ texnologiyaların əhəmiyyətini diqqətə çatdırdı.
Rəsmi çıxışlardan sonra iştirakçılar qeyri-rəsmi şəbəkələşmə sessiyasında bir araya gələrək fikir mübadiləsi apardılar, yeni əlaqələr qurdu və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Bakı Enerji Həftəsi 2026-nın önəmli yan tədbirlərindən biri olan bu qəbul Almaniya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynadı. Tədbir hər iki ölkənin innovasiya, dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və uzunmüddətli biznes əməkdaşlığına verdiyi önəmi bir daha nümayiş etdirdi.
Görüş Alman Pavilyonu çərçivəsində, Almaniyanın Federal İqtisadi İşlər və Enerji Nazirliyinin dəstəyi ilə təşkil olunub. AHK Azərbaycan tədbirin həyata keçirilməsinə verdikləri dəstəyə görə Mercedes-Benz Azerbaijan, Savalan, Azerish və Erdinger şirkətlərinə təşəkkürünü bildirib.






































































