Qaz və işığa görə sabit tarif 1 manatı keçməyəcək

Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.
Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin iyulun 8-də keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.
“Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq struktturlaşdırılması hesabına əldə edilməsidir.
Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa, azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq.
Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”, - deyə O.Zeynalov qeyd edib.


