İcbari sığorta üzrə yığımlar və ödənişlər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən icbari sığortalar üzrə toplanan sığorta haqlarının dəyəri 171 milyon 228 min manat olub.
"Valyuta.az" rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 362 min manat və ya 5,78% çoxdur. 2024-cü ilin yanvar-may aylarında bu məbləğ 161 milyon 866 min manat təşkil edib.
Qeyri-həyat sığortası üzrə toplanan sığorta haqları 124 milyon 148 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 4 milyon 296 min manat və ya 3,58% artım deməkdir. 2024-cü ildə bu göstərici 119 milyon 852 min manat olub.
Həyat sığortası üzrə toplanan sığorta haqlarının həcmi 47 milyon 81 min manat olub. Bu da illik müqayisədə 5 milyon 67 min manat, yaxud da 12,06% artım deməkdir. 2024-cü ildə bu məbləğ 42 milyon 14 min manat təşkil edib.
Bu dövrdə icbari sığorta üzrə ödənişlərin həcmi 57 milyon 423 min manat olub ki, bu da illik müqayisədə 3 milyon 447 min manat, yaxud da 6,39% çoxdur. Ötən ilin eyni dövründə isə bu məbləğ 53 milyon 976 min manat təşkil edib.


