Taxıl sahələrindən 1,8 milyon tondan çox taxıl yığılıb

İyunun 30-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 58,6 faizində biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu günədək biçin aparılan 546 787 hektar sahədən 1 849 872 ton taxıl yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir.
Qeyd edək ki, bu il ölkə üzrə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 505 696 hektarı buğda, 426 623 hektarı arpa sahələridir. İyunun 30-dək buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.
Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə biçin həcmi 90 faizi keçib.


