ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb

Hit: 173
ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb
2022-ci ilin noyabrında ChatGPT istifadəyə verildikdən sonra əmək bazarında yeni başlayanlar üçün nəzərdə tutulan vakansiyaların sayı demək olar ki, üçdə bir azalıb. Şirkətlər süni intellekt texnologiyalarını işçi sayını azaltmaq məqsədilə getdikcə daha çox tətbiq etdikləri bir vaxtda, bu azalma narahatlıq doğurur. 
 
Valyuta.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
 
İş axtarışı platforması “Adzuna”nın apardığı araşdırmaya əsasən, təcrübəsiz işçilər – stajçılar, yeni məzunlar və diplom tələb olunmayan sahələr üzrə mütəxəssislər üçün vakansiyaların sayı 31,9% azalıb. Bu tip iş elanlarının ümumi əmək bazarındakı payı 2022-ci illə müqayisədə təxminən 4% azalaraq hazırda cəmi dörddə birini təşkil edir.
 
Məqalədə qeyd olunur ki, Britaniyanın iri telekommunikasiya şirkəti “BT” 2023-cü ilin may ayında 2030-cu ilə qədər 10 minə yaxın işçini süni intellektlə əvəz etməyi planlaşdırdığını açıqlayıb. Ən çox ixtisar ediləcək sahələrə zəng mərkəzləri və şəbəkə diaqnostikası üzrə vəzifələr daxildir. Şirkətin baş direktoru Elliсон Kirkbi qeyd edib ki, süni intellektin inkişafı gələcəkdə daha genişmiqyaslı ixtisarlara səbəb ola bilər.
 
Süni intellekt startapı “Anthropic”in rəhbəri Dario Amodei isə daha pessimist ssenarini irəli sürüb. Onun sözlərinə görə, yaxın 5 il ərzində süni intellekt texnologiyaları bütün dünyada yeni başlayanlar üçün nəzərdə tutulmuş ofis vəzifələrinin yarısını əvəz edə bilər. Bu isə qlobal miqyasda işsizlik səviyyəsinin 20% artmasına səbəb ola bilər.








Redaktorun seçimi