“Ebiletstore” - bilet satışı üçün hazır platforma

Azərbaycanda startap ekosistemi sürətlə inkişaf edir və startapçılar ölkəmizi bu sahədə regional mərkəzlərdən birinə çevirməyi hədəfləyirlər. Sözsüz ki, son illər həyata keçirilən bir sıra tədbirlərin yeni innovativ startapların ortaya çıxmasında payı az deyil. Məsələn, elə “Startap” şəhadətnamələrini misal göstərmək olar ki, bu sənədi alan mikro və kiçik sahibkarlar 3 il müddətində gəlir və ya mənfəət vergisindən azad olunurlar. Nəticədə isə qənaət olunan məbləğ hesabına biznesləri üzərində daha yaxşı işləmək və onu daha çox inkişaf etdirmək fürsəti qazanırlar.
2024-cü ilin sentyabrında “Startap” şəhadətnaməsi almış “Ebiletstore” platforması da artıq 1 ilə yaxındır ki, sadalanan güzəştlərdən yararlanır və tədbir təşkilatçılığında innovativ yeniliklər təqdim edir. Məlumdur ki, tədbir keçirən təşkilatçılar üçün zaman və maliyyənin düzgün idarə edilməsi ən vacib şərtlərdən biridir. Toplantıya və ya hər hansı tədbirə ziyarətçilərin dəvət edilməsi və onlar üçün biletlərin satılması işin ən mürəkkəb tərəfidir. Ancaq bu kimi işləri yüngülləşdirəcək yeni “Ebiletstore” platforması ilə forum, konqres, sərgi və digər tədbirlər zamanı iştirakçı qeydiyyatı, akkreditasiya kimi prosesləri qısa zaman kəsiyində bir sayt və ya mobil tətbiq üzərindən həyata keçirmək mümkündür. Startapın qurucularından olan Murad İnsanov “Startap” şəhadətnaməsinin verdiyi imkanlarla ekosistemə hansı yeniliklər gətirdiklərini “vergiler.az”ın oxucuları ilə paylaşıb.
Sadə və sürətli bilet satışı
Layihənin unikallığı bütün işlərin saniyələr ərzində reallaşmasındadır. Belə ki, hər hansı tədbir üçün bilet satmaq istəyirsinizsə, ilkin olaraq qeydiyyat linki yaratmaq lazımdır. Platforma üzərindən bunu etmək üçün 3-5 dəqiqə ayırmaq kifayətdir. Məlumatlar, bilet dizaynı, mesajlar fərdiləşdirilə bilir ki, bu da təşkilatçıya əlavə üstünlük verir. Platformanın ziyarətçilər üçün olan üstünlükləri də diqqətçəkicidir. Məsələn, tədbirə qatılmaq istəyən iştirakçı qeydiyyatını tamamladıqdan sonra ödəniş üçün təşkilatçı tərəfindən seçilmiş rəqəmsal ödəniş platformasına yönləndirilir. Xüsusi kampaniyalar olduğu halda isə kupon kodları yazaraq, biletlərə endirim əldə etmək mümkündür. Ödəniş həyata keçirildikdən sonra iştirakçının e-mail və SMS hesablarına tədbirin bileti göndərilir. Hər bir biletin üzərində isə avtomatik unikal QR kod yaradılır. Tədbir zamanı qeydiyyat komandası iştirakçının biletini yoxlayaraq onlara isimlik verir. Bir bilet yalnız bir dəfə istifadə edilə bilər.
Tam avtomatlaşdırılmış idarəetmə sistemi
Ənənəvi tədbir qeydiyyatı və bilet satışı prosesləri çox vaxt pərakəndə şəkildə, bir neçə fərqli sistem üzərindən idarə olunur. Sözsüz ki, bu da əlavə zaman itkisi ilə bərabər, məlumatların natamam və qarışıq formalaşmasına gətirib çıxarır. “Ebiletstore” bütün bu narahatlıqlara yeni əlac təqdim edir: proseslər bir platformada birləşdirilərək təşkilatçılar üçün tam rəqəmsal həll halına gətirilir. Üstəlik, platforma daxilində iştirakçı qeydiyyatı, bilet satışı, ödəniş inteqrasiyası, giriş nəzarəti (QR kod yoxlaması) və akkreditasiya prosesi tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Layihənin üstünlükləri bununla bitmir. M.İnsanov deyir ki, “Ebiletstore” tədbir zamanı yerində qeydiyyat, isimlik çapı və bilet yoxlaması üçün texniki avadanlıqlar və peşəkar komanda dəstəyini də təmin edir. Beləliklə, zaman və maddi resurslara qənaət edilməklə yanaşı, tədbirin peşəkər idarə edilməsi də təşkilatçı üçün öz həllini tapmış olur.
250 dən çox tədbir, 700 min manat vəsait...
Artıq bir sıra tərəfdaşlarla yaxından əməkdaşlıq edən “Ebiletstore” ilə indiyə kimi 250-dən çox müxtəlif formatlı tədbirlər üçün biletlərin satışı həyata keçirilib. Hətta ziyarətçi sayı 30 minə yaxınlaşan böyük tədbirlərə də uğurlu bilet satışı baş tutub. Ümumi olaraq isə bilet satışlarının həcmi 700 min manata qədərdir. Ödənişlər birbaşa təşkilatçının bank hesabına daxil olur ki, bu da bilet satışlarından əldə olunan gəliri daha dəqiq hesablamağa imkan yaradır.
“Startap” şəhadətnaməsinin platformanın inkişafında rolu
Bilet satışı üçün hazır platformanın olması tədbir keçirən şirkətlər və şəxslər üçün bir növ rahatlıq təmin edir. Təşkilatçı bilet satışı və qeydiyyat üçün sıfırdan yeni bir platforma yaratmaq məcburiyyətində qalmır. Startapçının sözlərinə görə, bilet satışı zamanı tələb olunan məlumatların fərdiləşdirilə bilən olması təşkilatçıların ən çox bəyəndiyi funksiyalardandır. Belə olan halda, təşkilatçı sərgiyə gələcək ziyarətçi barədə nə qədər məlumat toplamaq istəyirsə, bu saya uyğun biletdə punkt yaradaraq satış həyata keçirə bilir. Bütün bu üstünlüklərlə yanaşı, platforma qısa vaxtda biletləri yoxlayaraq iştirakçıları isimlik ilə təmin edən avadanlıq da təqdim edir.
Layihə bir ilə yaxındır ki, vergi güzəştlərindən yararlanır. Həmsöhbətimiz M.İnsanov bu güzəşt sayəsində məhsulu yetərincə inkişaf etdirmək imkanı qazandıqlarını vurğulayır. Bildirir ki, güzəştin qüvvədə olduğu qarşıdakı iki ildə də layihəni zirvəyə qaldıracaq başqa yeniliklər təqdim ediləcək.
Gələcək planlar: süni intellekt və yeni texnologiyalar
Yaxın zamanda platformadan istifadə edənlərin ürəyincə olan bir neçə yenilik gözlənilir. Platformada bütün rollar üzrə istifadəçi hesabları olacaq ki, sözügedən hesab bir dəfə yaradıldığı halda müxtəlif tədbirlər üçün yenidən qeydiyyata ehtiyac qalmayacaq, bu, sadəcə bir düymə ilə öz həllini tapacaq. Bundan əlavə, tədbirlərdə özünüqeydiyyat qurğularından geniş istifadə ediləcək. 2024-cü ildə təşkil edilmiş 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə sözügedən avadanlıqlar sınaqdan keçirilib və yetərincə faydalı hesab olunduğundan, onların təkmilləşdirilməsinə qərar verilib. Yeniliyin həm təşkilatçıya, həm də ziyarətçiyə faydası dəyəcək. Bunun sayəsində uzun növbələr və vaxt itkisi xeyli azalmış olacaq.
Dövrün tələbi ilə süni intellektlə bağlı yeniliklər də masa üzərindədir. Startapçı deyir ki, süni intellektdən tədbirlərin təhlili, iştirakçı davranışlarının proqnozlaşdırılması və dinamik qiymət təyinatı sahələrində istifadə etmək planlaşdırılır. Nəticədə həm təşkilatçılar, həm də iştirakçılar üçün daha ağıllı və effektiv təcrübə formalaşacaq.


